13 iyul 2026 10:42
69

30 illik işğala son qoyan 44 gün

Ermənistan 27 sentyabr 2020-ci ildə işğal olun¬muş ərazilərimizdə növbəti hərbi təxribat törətdi. Nəticədə, hərbi qulluqçularımız, həmçinin 10-dan çox dinc sakinimiz həlak oldu. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev azğınlaşmış düşmənin hərbi təxribatının qarşısını almaq məqsədilə beynəlxalq hüquq normaları çərçivəsində bütün cəbhə boyu əks-hücum əmri verdi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan “dəmir yumruğu” ilə işğalçı Ermənistanı məcbur etdi ki, kapitulyasiya aktına imza atsın. Bununla da 30 illik işğala son qoydu və erməni faşizminin belini qırdı. Bu həqiqətən tarixi bir zəfər idi. Prezident İlham Əliyevin sözləri ilə desək, çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır.

Onu da vurğulayaq ki, 44 günlük müharibə zamanı istifadə edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur. Elə bu səbəbdən 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi tariximizə qızıl hərflərlə əbədi yazıldı. Yeri gəlmişkən, son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmamışdır, özü də cəmi 44 gün ərzində. 

Prezident İlham Əliyev iyulun 11-də Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bir daha bu Zəfərdən söz açıb. Bildirib ki, erməmipərəst ölkələr tərəfindən bu 44 gün ərzində bizə təzyiqlər, hədələr, təhdidlərlə dolu siqnallar göndərilmişdir. Amma bütün bunlar Azərbaycanı, onun liderini öz haqq yolundan döndərə bilmədi. Nəticədə istədiyimizə nail olduq: “Çünki haqq-ədalət bizim tərəfimizdə idi, güclü iradə bizdə idi və Azərbaycan xalqı birləşmişdi”. Bu mənada 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, həm də xalqımızın birliyinin, yenilməz gücünün nümayişi oldu. Bu möhtəşəm Zəfərdə xalq-ordu, xalq-Prezident birliyi də mühüm rol oynadı. Bəli, həmin günlərdə xalqımız bütün bu ülvi xüsusiyyətlərini nümayiş etdirdi. Onu da bildirək ki, yaxın keçmişdə xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb.
Həmin 44 günün hər günündə mərd oğullarımızın misli görünməmiş qəhrəmanlıq nümayiş etdirdiklərini vurğulayan dövlətimizin başçısı, həmçinin bildirib ki, onları irəliyə aparan milli ruh idi, ləyaqət idi: “Qarabağı işğalçılardan azad edənlərin mütləq əksəriyyəti bu torpaqları heç vaxt görməmişdi. Dünyaya gözlərini açanda artıq bu torpaqlar işğal altında idi. Ancaq cəmiyyətdə və xalqımızda Qarabağ ağrısı o qədər ağır idi, bu yaramız o qədər bizi incidirdi ki, hər bir vətənpərvər insan bir amalla yaşayırdı, bizim Qələbəmizə öz töhfəsini versin”. 

Bəli, artıq 6 ildir ki, işğaldan azad olunan, erməni barbarları tərəfindən tamamilə dağıdılan ərazilərimizdə geniş bərpa-quruculuq işləri aparılır. Belə ki, həmin ərazilərdə müasir infrastruktur qurulur, yeni yollar salınır, möhtəşəm “ağıllı kənd”, “ağıllı şəhər” layihələri sürətlə gerçəkləşdirilir. 
Yeri gəlmişkən, hazırda azad edilmiş torpaqlarda 90 mindən çox insan yaşayır, çalışır, təhsil alır və hər ay onların sayı artır. Bütün bunlar isə belə deməyə əsas verir ki, möhtəşəm zəfəri ilə regiona yeni reallıqlar bəxş edən Azərbaycan tezliklə Qarabağı və Şərqi Zəngəzuru da laləzara çevirəcək. Bu məqamda Prezident İlham Əliyevin bu sözlərini xatırlatmaq da yerinə düşərdi: “Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq qələbəmiz buna əyani sübut¬dur”.

Qvami Məhəbbətoğlu, “İki sahil”