14 iyun 2024 00:33
256

Monteneqro neft və qazın kəşfiyyatı üçün tender elan edəcək

Monteneqronun yerli mediası xəbər verir ki, ölkənin Energetika Nazirliyi 2024-cü ilin sonuna qədər dənizdə neft və qaz kəşfiyyatı üçün konsessiya müqaviləsinin verilməsi ilə bağlı tender başlatmağı planlaşdırır.

“Avropanın “yaşıl keçid” tendensiyasını nəzərə alaraq, belə bir tenderin əsas məqsədi qaz perspektivlərinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirməklə Monteneqronun dəniz ərazisinin karbohidrogen potensialı haqqında məlumatlılıq səviyyəsini yüksəltmək olardı”, - Vijesti qəzeti sitat gətirib.

Rəsmilər bildiriblər ki, hazırda karbohidrogenlər üzrə dövlət idarəsi tenderin başlanmasına hazırlıq üzərində işləyir.

Hələ 2013-cü ildə Monteneqro Adriatik dənizində ümumi sahəsi 3100 kvadratkilometr olan 13 dəniz blokunun kəşfiyyatı üçün ilk tenderini açmışdı.

2016-cı ildə Monteneqro İtaliyanın “Eni” və Rusiyanın “Novatek” şirkətləri ilə ümumi sahəsi təqribən 1200 kvadratkilometr olan 4118-4, 4118-5, 4118-9 və 4118-10 saylı kəşfiyyat bloklarında neft-qaz kəşfiyyatı  və qazma işlərinin aparılması üçün konsessiya müqaviləsi imzalayıb. “Novatek” və “Eni” konsessiyada 50% paya sahib idilər. İlk qazma nəticələrini aldıqdan sonra “Eni-Novatek” konsorsiumu əlavə kəşfiyyat işlərindən çəkinmək qərarına gəlmişdi və buna görə 2022-ci ildə konsessiya müqaviləsinə xitam verildi.

2017-ci ildə hökumət Yunanıstanın “Energean” neft-qaz qrupunu Adriatik dənizində ümumi sahəsi 338 kvadratmetr olan 4219-26 və 4218-30 saylı dəniz neft-qaz bloklarının kəşfiyyatı üçün konsessiya müqaviləsi ilə təltif etmişdi. “Energean” iki blokun ilk kəşfiyyatını başa çatdırdı. Kəşfiyyatın ikinci mərhələsinə və qazma işlərinə başlamalı idi, lakin tərəfdaş tapa bilmədi, nəticədə 2023-cü ilin mayında konsessiya müqaviləsi ləğv olunmuşdu.

Nubar Süleymanova, “İki sahil”