Bu gün TDT-yə daxil olan dövlətlərdə ÜDM-in həcmi 1,5 trilyon, ticarət dövriyyəsi isə 1,2 trilyon ABŞ dolları təşkil edir
İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan bərpa-quruculuq işlərində türdilli dövlətlərin də xüsusi payı var. Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyəti ilə görüşündə bununla bağlı deyib: «Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezideinti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir».
Xatırladaq ki, düşmən işğalından xilas edilən ərazilərimizdə dost Özbəkistan və Qazaxıstanın maliyyə dəstəyi iləbir məktəb və bir incəsənət mərkəzi tikilib istifadəyə verilib. Qırğızıstanın maliyyəsi ilə inşa ediləcək daha bir məktəbin təməli bu yaxınlarda Qırğız Respublikasının Prezidenti ilə dövlətimizin başçısı tərəfindən Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonunda isə bir məntəqənin inşasının Macarıstanın maliyyə dəstəyi ilə gerçəkləşdiriləcəyi nəzərdə tutulub. Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələr türk şirkətləri tərəfindən icra edilir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə aparılır. Horadiz-Ağbənd dəmir yolunun podratçısı isə Türkiyə şirkətləridir.
Artıq işğaldan azad edilmiş 4 şəhər və 4 kənd bərpa edilməklə həmin ərazilərdə məskunlaşma həyata keçirilib. Yeddi mindən çox keçmiş köçkünün öz dədə-baba torpaqlarında yaşayışı təmin olunub və bu ilin sonuna qədər həmin göstəricinin təqribən 20 minə çatacağı palanlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda türk dövlətləri ilə birgə aparılan geniş quruculuq, abadlıq işləri bu bölgənin tezliklə dünyanın ən inkişaf etmiş coğrafiyalarından birinə çevriləcəyindən xəbər verir. Bütün bunlar həm də onu göstərir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında sıx bağlılıq, möhkəm birlik var.
Xüsusi vurğulamaq lazımdır ki, TDT-yə üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün son illərdə bir sıra layihələr gerçəkləşib. Belə ki, Milli Məclisin 4 aprel 2023-cü il tarixli iclasında «Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında» 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan saziş təsdiqlənib. Bununla da TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsi asanlaşıb. Yəni, belə bir layihənin icrası nəticəsində təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatların elektron şəkildə mübadiləsi gerçəkləşib. Nəticədə sürətli yük daşımaları, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq artıma nail olmaq reallaşıb.
Onu da xüsusi vurğulamaq lazımdır ki, ötən illərdə Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki çıxışında TDT-yə üzv bütün ölkələr arasında qardaşlıq münasibətləri olduğunu və dövlət siyasətimizin bu təşkilatı gücləndirmək məqsədi daşıdığını bildirib. Ölkəmizin başçısı daha sonra bildirib: «Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.»
Bu birliyin parlaq ifadəsi statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, 2024-cü ilin ilk rübündə TDT-yə üzv və müşahidəçi statusa malik ölkələrlə ticarət dövriyyəsi 1 milyard 709,1 milyon ABŞ dolları təşkil edib. Bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin 17,6 faizinə bərəbərdir. Gömrük Komitəsinin məlumatına görə, həmin dövrdə Azərbaycan Türkiyə ilə 1 milyard 469,1 milyon dollar, Türkmənistanla 96 milyon 926 min dollar, Qazaxıstanla 70 milyon 829 min dollar, Özbəkistanla 35 milyon 814 min dolar, Qırğızıstanla 23 milyon 382 min dollar, Macarıstanla isə 13 milyon dollar məbləğində idxal-ixrac əməliyyatları həyata keçirib. Cari ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 150 milyon 291 min dollar, Qırğızıstana 20 milyon 815 min dollar, Türkmənistana 16 milyon 861 min dollar, Qazaxıstana isə 11 milyon 731 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Ötən ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz və ya 1 milyard 574 milyon dollar çox olub. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyəsinin 16 faizinə bərabər olub.
Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, böyük türk dünyası hazırda beynəlxalq münasibətlərin yeni bir güc mərkəzinə çevrilməkdədir. Bu gün TDT-yə üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. Bu dövlətlərdə ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları təşkil edir. Bu isə o deməkdir ki, dünyadakı ticarət dövriyyəsinin 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür.
Elçin Zaman, "İki sahil"