13 iyun 2024 23:45
290

Ünvan Azərbaycandır - COP29

Bu gün iqlim dəyişikliyinin yaratdığı fəsadların aradan qaldırılması qlobal aləm üçün başlıca problemlərdən birinə çevrilib. Bu mövzu beynəlxalq müstəvidə aktiv şəkildə müzakirə olunur, onun həlli yolları istiqamətində mühüm addımlar atılır. Bütün dünyaya məlumdur ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransları bu məsələdə xüsusi rola malikdir. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə davamlı addımlar atmaq üçün bu tədbir hər il müxtəlif ölkələrdə keçirilir.

Bu il ünvan Azərbaycandır. COP29-un yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə ciddi hazırlıq işləri görülür. Səmərəli və zəruri olan müzakirələr aparılır, təqdimatlar keçirilir. Azərbaycanın COP29-a məsuliyyətli hazırlıqlar həyata keçirməsi, tədbirlə bağlı ciddi gündəlik müəyyənləşdirməsi, kiçik ada dövlətlərinin mövcudluq problemlərinə və digər aktual məsələlərə diqqət çəkməsi beynəlxalq səviyyədə müsbət nümunə kimi qəbul olunur.

Azərbaycanın bütün dünya və gələcəyimiz üçün çox vacib olan məsələyə milli səviyyədə həssas yanaşması və qlobal təhdidlərə qarşı həmrəyliyin gücləndirilməsi təşəbbüslərindən çıxış etməsi beynəlxalq səviyyədə diqqətlə izlənilərək dəstəklənir. Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında iştirak edən bir sıra QHT-lərin Azərbaycanın COP29 ölkəsi kimi bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığı təşviq edən fəaliyyətini təqdir edən bəyanat imzalamaları ölkəmizə güclü beynəlxalq  dəstəyin daha bir ifadəsidir. Ümumilikdə, son dörd ayda 50-dən çox ölkəni təmsil edən 360-dan artıq QHT və ictimai fəal birgə bəyanatlar yayaraq, Azərbaycanın COP29 üzrə qlobal liderliyini təqdir edib. Bu təşkilatlar arasında inkişaf etməkdə olan regionların təmsilçilərinin üstünlük təşkil etməsi də müşahidə olunur. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin çağdaş dünyanın problemlərini ardıcıl şəkildə qaldırması, qlobal təşəbbüslərlə çıxış etməsi müxtəlif regionlarda böyük maraqla qarşılanır, diqqətlə izlənilir və Azərbaycana, onun Liderinə olan rəğbəti artırır.

COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın "yaşıl enerji" siyasətinə qlobal dəstəyi ifadə edir. Buna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Neft-qaz ölkəsi olan Azərbaycan "yaşıl enerji" növlərinin yaradılmasını və "yaşıl enerji"nin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. Bərpaolunan və "yaşıl enerji" əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasının bünövrəsini qoyub. Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının Azərbaycanda 30 faizə çatdırılması gözlənilir. 

Avropanın enerji arxitekturasının qurulmasında və enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bütün iqtisadi-siyasi maneələrə və böhranlara baxmayaraq, indi də yeni layihələrini uğurla həyata keçirir. Bu baxımdan respublikamızın təşəbbüsü və liderliyi ilə reallaşdırılan, Azərbaycan qazını Avropa bazarlarına çatdırmaqla Avroqitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də öz töhfəsini verəcək Cənub Qaz Dəhlizi layihəsi mühüm önəm daşıyır. Artıq ölkəmizdə hasil olunan qaz qonşu dövlətlərə ixrac edilir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilir. Hazırda Azərbaycan neft və qaz ehtiyatlarını tədarük etməklə təkcə regionda deyil, həm də Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır.

Ölkəmiz ənənəvi enerji ehtiyatları ilə yanaşı, həm də alternativ enerji üzrə də böyük potensiala malikdir. İyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində  ümumi gücü 1000 MVt olan 3 bərpaolunan enerji stansiyasının– Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyası, Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyası və Abşeron-Qaradağ ərazisində isə 240 MVt gücündə külək elektrik stansiyasının təməli qoyulub. Bu stansiyalar vasitəsilə illik, təqribən, 2 milyard kilovat-saatdan çox yaşıl enerjinin istehsalı nəzərdə tutulub.  

Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru, Naxçıvanı "yaşıl enerji" zonası adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Azərbaycanın bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmiz ümumilikdə "yaşıl enerji" istehsalçısına və istehlakçısına çevrilə bilər. Artıq Qarabağda və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub. 

Təhlil əsasında bir daha bu qənaətə gəlinir ki, Azərbaycanın COP29-a ev sahibliyi ölkəmizin mütərəqqi siyasətinin və qlobal miqyasda artan nüfuzunun növbəti göstəricisidir.

Yaqut Ağaşahqızı, “İki sahil”