14 iyun 2024 23:47
268

Vətən sevgisi...

44 günlük haqq savaşımızda  sinəsini Vətənə sipər edib şəhidlik zirvəsinə ucalan qeyrətli oğullardan biri də Arif Qeybiyevdir.  Adı şərəf tariximizə  yazılan bu, Vətən oğlu 1997-ci ildə Astaranın Səncərədi kəndində dünyaya göz açıb. Orta məktəbdə oxuduğu zaman idmana marağı  onu 2012-ci ildə  Astara Pedaqoji Kollecinin  “İdman” fakültəsinə  gətirib. Burada oxuduğu zaman müsbət  insan keyfiyyətləri, yaxşı oxuması, idman  uğurları ona böyük hörmət  qazandırır.

Arif  idmanın  kross qaçışında qüvvəsini çox sınayıb, həmişə  də qatıldığı yarışlardan qalib ayrılıb.  O, üçqat Azərbaycan çempionu, Atletika üzrə gənclər  arasında Azərbaycan çempionu,  yeniyetmələr arasında respublika çempionu, eləcə Olimpiya təsnifat yarışların iştirakçısı olub.

Ürəyi  Vətən, torpaq eşqli Arif 2016-cı ildə ordu sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb.   Bir müddət  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarında, daha sonra Naxçıvan Muxtar Respublikasında  xüsusi təyinatlıların bölüyündə Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirib,  erməni dığalardan qisas alacağı günə hazırlaşıb.  Bu  məqsədlə  əsgərliyi başa çatsa da, həyatını hərbiyə bağlayıb.  2018-ci ilin oktyabr ayında hərbi kursa çağırılıb. Təmiz ürəkli, vicdanlı, qeyrətli, həyatının mənasını Vətənə, xalqa təmənnasız xidmətdə görən Arif  tankçı kimi orduda fəaliyyət göstərib. İkinci Qarabağ  müharibəsinin ilk günündə yağı düşmənin üstünə birincilər sırasında gedib və meydanda onlara qan uddurub. Torpaq uğrunda can qoyan, mərdliklə döyüşən  igid Füzulidə düşmən gülləsinə tuş gəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Xocavəndin azadlığına  görə medallara layiq  görülüb.

Ölümsüzlüyə qovuşan qəhrəman qəlblərdə yaşamaqla  gəlib 27 yaşına çatdı. Astara Pedaqoji Kollecinin rəhbərliyi və bir qrup əməkdaşı kollecin məzunu şəhid Arif İsmayıl oğlunun doğum günü münasibətilə  məzarını ziyarət etdilər, önünə güllər qoydular. Kollecin direktoru, professor, şəhid atası Kamran Kazımov çıxışı zamanı dedi: "Vətənpərvərlik - Vətəninə, dövlətinə, xalqına, millətinə olan sonsuz sevgidən yaranan bir duyğudur, məfkurədir. Doğulub boya-başa çatdığı yurduna bağlı olan, onun uğurları üçün çalışan hər kəs vətənpərvərdir. Onu sevmək, sevdirmək və qorumaq hər birimizin müqəddəs borcudur. Arif kimi oğullar Vətən yolunda canlarını qurban verdilər. Şəhidlər ölməzlər, onlar daim ürəklərdə, yaddaşlarda yaşayacaqlar. 30 ildən sonra 44 günə  Böyük Zəfəri xalqımıza bəxş edən şəhidlərimizi ən səmimi, ən ülvi duyğularla yad edirik”.

Şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova isə  bildirdi ki, şəhid ailəsi olmaq nə qədər ağrılı, acılı olsa da, o qədər qürurvericidir.

Son zamanlar kollecdə rəhbərlik tərəfindən şəhid ailələrinə diqqət və qayğının artırılması təqdirəlayiqdir.

Ziyarətçilər daha sonra  kollecin digər məzunu şəhid Mirzəhəsən Əlizadənin uyuduğu müqəddəs yerə baş çəkdilər və  ehtiram əlaməti olaraq  məzarına güllərdən  çələng hördülər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü