Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədəki dəmir yolları konsessiyası ətrafında yaranmış vəziyyətin həlli üçün kompromis variant kimi konsessiyanın hissə-hissə satılması ssenarisinin nəzərdən keçirilə biləcəyini bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Biz hər hansı kəskin qərarlara getmək istəmirik. Bəs hansı dostluq həlləri ola bilər: biz qarşılıqlı maraqları anlayıb qəbul edəcək və müəyyən kompromislərə gedəcəyik. Mən dəfələrlə bildirmişəm ki, kompromislərdən biri Rusiya tərəfindən konsessiya hüququnun satılması ola bilər. Lakin bu satış tam da ola bilər, hissə-hissə də. Yəni pay iştirakı ilə elə bir konfiqurasiya mümkündür ki, faiz bölgüsü Ermənistanın dünya nəqliyyat sisteminə inteqrasiya olunmaq kimi tarixi imkanına mane olmasın", — deyə o, brifinq zamanı jurnalistlərə bildirib.
Fevralın 13-də Paşinyan jurnalistlərlə söhbətində İrəvanın Rusiya tərəfinə respublikanın dəmir yolları üzrə konsessiyasını həm Moskva, həm də İrəvanla dost olan dövlətlərdən birinə satmağı təklif etdiyini bildirmişdi. O, variantlar arasında Qazaxıstan, BƏƏ və Qətərin adlarını çəkmişdi. Bununla yanaşı, Paşinyan Ermənistanın RF-yə qarşı heç bir narazılığının olmadığını, lakin Rusiyanın konsessiyasının respublika üçün "müəyyən rəqabət itkiləri" yaratdığını iddia etmişdi.
Aprelin 2-də Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində bildirmişdi ki, "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin konsessiyasının üçüncü tərəfə satılması üçün heç bir obyektiv səbəb yoxdur.