14 iyun 2024 23:02
313

Şərəfli həyat və döyüş yolu

Xətai rayonundan olan şəhid zabit Elvin Şükürlünün xatirəsi yad edildi

İyunun 14-də İkinci Fəxri xiyabanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu, Bakının Xətai rayonundan olan şəhid leytenant Elvin Şükürlünün doğum günü ilə bağlı anım tədbiri keçirildi.

Müdafiə Nazirliyinin əməkdaşları, Xətai rayon ictimaiyyətinin nümayəndələri, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları, Elvin Şükürlünün xidmət etdiyi hərbi hissənin zabitləri və ailə üzvləri qəhrəman şəhidin məzarını ziyarət etdilər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Qarabağ qazisi, ehtiyatda olan polkovnik Mirqiyas Rüstəmov E.Şükürlünün şərəfli həyat və döyüş yolu barədə ətraflı məlumat verdi. O, ölkəmizdə şəhidlərin xatirəsinin əziz tutulduğunu, şəhid ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini vurğuladı.

Nəzərə çatdırıldı ki, əslən Cəlilabad rayonunun Şiləvəngə kəndindən olan Elvin Şükürlü 1997-ci ildə Füzuli rayonunda hərbi qulluqçu ailəsində doğulub. Atası Azad Şükürlü Azərbaycan Ordusunun ilk zabitlərindəndir. A.Şükürlü Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandanlığı ilə 1994-cü ildə Füzuli və Cəbrayıl rayonlarının 22 yaşayış məntəqəsinin, o cümlədən indiki Horadiz şəhərinin işğaldan azad edilməsi ilə nəticələnən tarixi “Horadiz əməliyyatı”nın fəal iştirakçılarından biri, ehtiyatda olan kapitandır.

A.Şükürlünün hər iki oğlu - Elnur və Elvin də atalarının yolunu seçərək öz talelərini Vətənə xidmət peşəsinə bağlayıblar. Hər iki qardaş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Elvin həm də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olub. Vətən müharibəsinin ilk günündən qardaşlar Daşkəsən istiqamətində qələbə əzmi ilə hərbi əməliyyatlara qatılaraq Ermənistan silahlı bölmələrinə qarşı mərdliklə vuruşublar. Elvin sentyabrın 28-də Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Zakir Quliyev Vətən üçün igid zabitlər yetişdirdiklərinə görə şəhidin valideynlərinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, şəhidlərimizin yaxınları üçün ən böyük təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban veriblər: “Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi, eyni zamanda, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı.”

Xətai rayonundakı 221 nömrəli məktəbin pedoqoji kollektivinin nümayəndəsi Vəfa Quliyeva bildirdi ki, Vətən müharibəsi xalqımızın kimliyini, Azərbaycan dövlətinin gücünü təsdiqlədi, nüfuzunu artırdı: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində tarixi Zəfər qazandı. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Qələbə heç vaxt unudulmayacaq.”

Məktəbin şagirdləri Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər.

Tədbir iştirakçıları şəhidin məzarı önünə çələng və güllər düzərək xatirəsini ehtiramla yad etdilər. Din xadiminin şəhidin ruhuna oxuduğu dualarla xatirə tədbiri sona yetdi.

Allah rəhmət eləsin!

Cavid Əkbər, “İki sahil”