07 avqust 2026 12:12
101

Livanda seçkilərə qədər İsraillə danışıqlarda irəliləyiş gözlənilmir

Livan hakimiyyəti oktyabrın 27-də keçirilməli olan İsrail parlamentinə seçkilərə qədər bölgədəki nizamlanma ilə bağlı İsraillə aparılan danışıqlarda əhəmiyyətli irəliləyişlər gözləmir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Livan tərəfi həmçinin İsrail bölmələrinin respublikanın cənub rayonlarından çıxarılması məsələsində də böyük irəliləyiş gözləmir. Nəşr qeyd edir ki, İsrail qoşunlarının Livan ərazisindən çıxarılması İsrailin radikal sağ qüvvələrinin tərəfdarları arasında populyar olmayacaq. Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu koalisiya qurmaq üçün məhz həmin qüvvələrin səslərinə də ümid edir.

Daha əvvəl "Əl-Hədəş" telekanalı mənbələrə istinadla məlumat vermişdi ki, Livan və İsrail nümayəndə heyətləri ABŞ-ın himayəsi altında Romada keçirilən danışıqların yeddinci raundu zamanı iki ölkə arasında çərçivə sazişinə əməl olunmasına nəzarət edəcək müşahidəçi dövlətlər namizədlərinin qısa siyahısını razılaşdırıblar. Bundan əlavə, "Əl-Hədəş"in verdiyi məlumata görə, İsrail qüvvələrinin çıxarılacağı yeni "pilot zonalar" ola biləcək "rayonların coğrafi təhlili mərhələsi başa çatıb". Bununla belə, həmin ərazilərlə bağlı yekun qərarın qəbul edilməsi müvafiq siyasi qərarın təsdiqlənməsinə qədər təxirə salınıb.