17 iyun 2024 15:05
430

Lukaşenkonun “üzrxahlığı” - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Aleksandr Lukaşenko Belarus  prezident olduğu müddətdə Ermənistan rəsmiləri Belarusa səfər etməyəcəklər. “Gedib Belarus Prezidentinin yanında oturub Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatında məsələləri müzakirə etməliyəmmi?” deyən Paşinyan  bu addımını rəsmi Minskin 2020-ci ildə 44 günlük müharibə zamanı Qarabağla bağlı tutduğu və A.Lukaşenkonun bu yaxınlarda Bakıda Prezident İlham Əliyevlə görüşü zamanı bir daha təsdiqlədiyi mövqeyi ilə izah edib. Buna görə Lukaşenkonun erməni xalqından üzr istəməsinin vacibliyini də bildirən Nikol Paşinyan bu bəyanatından sonra Ermənistanın Belarusdakı səfirini geri çağırıb. 

Bir gün öncə  Aleksandr Lukaşenko Ermənistan Baş naziri Nikol Paşinyanın ittihamlarına cavab verib. Belə ki, o, jurnalistlərin “Paşinyandan üzr istəmək fikrindəsinizmi” sualının qarşılığında bildirib ki,  bu axı gülməlidir: “O deyir ki, qoy, Lukaşenko üzr istəsin. Yaxşı, mən indi, bu dəqiqə, hər kəsin qarşısında hazıram. Üzr istəyirəm, əzizim, amma sən iyrənc insansan”. O daha sonra deyib: “Lakin bu Paşinyan bir zamanlar mənə gecə zəng vurub xahiş edirdi ki, onu Putinlə barışdırım. Mən həmin vaxt ona kömək etdim. Vladimir Vladimiroviç (Putin) mənə demişdi ki, Aleksandr Qriqoryeviç, bir bilsəniz bu Paşinyan necə bezdirib. O, bir az başqa cür demişdi, sadəcə indi sizə yumşaq formada deyirəm. O zaman xahiş etdim, onlar Moskvada görüşdülər. İndi mənə belə “təşəkkür” edir”.

Yeri gəlmişkən qeyd edək ki, Nikol  Paşinyan özü  Qarabağın Azərbaycana məxsus olduğunun dəfələrlə  etiraf edib. Belarus da bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Dəstəkləməli deyildi, məgər? Yoxsa buna görə Paşinyandan icazə almalı idi? Onu da qeyd edək ki, Azərbaycan–Belarus münasibətləri hazırda strateji əməkdaşlıq səviyyəsinə çatib. İki ölkə arasındakı əməkdaşlığın üfüqləri Belarus traktorları, yük, kommunal və kənd təsərrüfatı maşınlarıdan tutmuş optik alətlərə, liftlərə, o cümlədən, hərbi avadanlığa qədər genişdir. Üstəlik, bu ölkə noyabrda Ağdam rayonunda kənd təsərrüfatı şəhərciyi layihəsinin konsepsiyasını təqdim etməyi də planlaşdırır.

Amma Paşinyanın söylədiklərini diqqətlə araşdıranda məlum olur ki, onun məqsədi Azərbaycan–Belarus münasibətləri fonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı yürütdüyü siyasətə yeni çalarlar qatmaqdan ibarətdir. Qeyd edək ki,  Ermənistan–KTMT ziddiyyətləri 3-4 il öncə başlayıb.  Ümumən, bir məqamı vurğulayaq ki, Ermənistanın anti-KTMT isteriyasında başlıca motiv qurumun Azərbaycanla Er¬mənistan arasında yaşanmış sərhəd toqquşmasına reaksiya verməməsi idi. Həmin o vaxt qurumun yük¬sək səviyyəli tədbirlərinin birində Belarus Prezidenti Aleksandr Lukaşenko bildirmişdi ki, Ermənis¬tan Azərbaycanla münasibətləri özü həll etməlidir.

O, həmçinin Nikol Paşinyanın Bakı ilə gərginliyi KTMT müstəvisinə çıxarmaq cəhdlərini mənasız saymışdı. Bütün bunları nəzərə alan Ermənitanın baş naziri Nikol Paşinyanın sonradan ölkəsinin KTMT-ni tərk edəcəyini bildirib. Şübhəsiz, o bu iddiaya öz ağlı ilə gəlməyib. Belə ki,  bir neçə gün öncə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Brayn İrəvanda səfərdə olub və o,  Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqla bağlı bəyanatlar səsləndirib. Şübhəsiz, həmin bəyanatların təsirindəndir ki, Nikol vəziyyəti bu formada daha da dramatikləşdirmək yolu tutur. Bu mənada Lukaşenkoya münasibətdə Paşinyan sadəcə  ABŞ-a, həmçinin Fransaya  yarınmağa çalışır desək yanılmarıq. Rusiyalı politoloq Stanislav Tarasovun sözləri ilə desək, Belarusla Ermənistan münasibətlərindəki böhran mahiyyətcə Ermənistanla Rusiya arasındakı münasibətlərdəki böhranın tərkib hissəsidir. Unutmayaq ki,  KTMT-dən çıxmaq rəsmi İrəvanın qərbyönümlü siyasi xəttindəki başlıca vəzifədir. Bu vəzifəni qarşıya qoyan isə Belarus Prezidenti Lukaşenkonun  “iyrənc insan” adlandırdığı Nikol Paşinyandır.

Qvami Məhəbbətoğlu, “İki sahil”