21 iyun 2024 14:18
337

Effektiv ordu quruculuğu siyasətinin məntiqi nəticəsi

Güclü ordu hər bir dövlətin möhkəmliyini, stabilliyini təmin edən vacib amildir. Qarabağ münaqişəsi və Azərbaycanın bu sahədə 30 il qarşılaşdığı problem bir daha göstərdi ki, məsələlərin həllində siyasi danışıqlarla yanaşı, peşəkar ordunun da böyük rolu vardır.  

Azərbaycan Milli Ordusu ilk dəfə AXC hakimiyyəti dövründə 1918-ci il 26 iyunda yaranmışdır. Məlumdur ki, qısa müddət fəaliyyət göstərmiş bu dövlətin süqutunun ardından Azərbaycanın hərb srukturu 70 il ittifaqın digər respublikaları kimi vahid ordunun tərkibində olmuşdur. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Belə ki, 1971-ci il iyun ayının 20-də Ulu Öndər  Heydər Əliyevin təşəbbüsü ilə milli zabit kadrlarımızın yetişdirilməsində müstəsna rolu olan C.Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Bu Liseyin yetişdirdiyi zabitlər  Birinci və İkinci Qarabağ müharibəsi zamanı şücaətləri, peşəkarlıqları ilə seçilmişlər.

Müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanına əsasən 9 oktyabr, 22 may 1998-ci ildə fərmanına əsasən isə həmin fərman qüvvədən düşərək 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Qarabağ münaqişəsinin dərinləşdiyi 90-cı illərdə güclü, peşəkar orduya böyük ehtiyac duyulurdu. Buna görə də, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə bu sahənin inkişafı məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanı yaranması, 20 avqust 2001-ci ildə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblərin Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılması barədə fərman imzalanmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ordu quruculuğu məsələsinə hər zaman diqqət göstərmiş, bununla əlaqədar demişdir: “Elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.”

Ölkəmizin başçısı Silahlı Qüvvələr Günü haqqında bildirmişdir: “İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.

Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.

44 günlük Vətən Müharibəsi Müzəffər Ordumuzun gücünü, əzmini ermənilərə göstərdi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, bizim şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi”.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri