23 iyun 2024 02:45
453

Reuters: İsrail ordusu fələstinlini hərbi cipə bağlayıb

İsrailin ordu qüvvələri şənbə günü Cenin şəhərində yaralı bir fələstinlini hərbi cipin kapotuna bağlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Qeyd edilib ki, sosial şəbəkələrdə də yayılan görüntülərdə iki təcili yardım maşınının yanından keçən cipdə Cenin sakini olan fələstinli Mücahid Əzmi əks olunub.

Agentliyin məlumatına görə, İsrail ordusu məlumat yayaraq İsrail qüvvələrini atəşə tutmaqda şübhəli bilinən şəxsin yaralı vəziyyətdə tutulduğunu bildirib: “Daha sonra əsgərlər hərbi protokolu pozublar. Şübhəli şəxs avtomobilin üstündə bağlanmış vəziyyətdə İsrail qüvvələri tərəfindən aparılıb”.

Məlumatda insidentin videosunda göstərilən qüvvələrin davranışının İsrail hərbçilərinin dəyərlərinə uyğun olmadığı, hadisənin araşdırılacağı və tədbir görüləcəyi bildirilib.

Reuters qeyd edir ki, Əzminin ailəsinin dediyinə görə, həbs basqını olub və o, basqın zamanı yaralanıb. Ailə təcili yardım istədikdə, ordu Mücahidi götürüb, avtomobilin kapotuna bağlayıb və hadisə yerindən uzaqlaşıb.

Agentliyin məlumatına görə, İsrailin şənbə günü Qəzza şəhərinin rayonlarına təşkil etdiyi hücumlarda ən azı 42 nəfər həlak olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”