26 iyun- Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd edirik. Müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qarantı olan Ordumuzun şücaəti, qəhrəmanlığı hər bir azərbaycanlını sevindirir, qürurlandırır. Bu şanlı Qələbənin əsas qəhrəmanı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur. Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur.
Azərbaycan Ordusunun şərəfli tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Tarixi paralellər fonunda 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın hər bir sahədə böyük inkişaf yoluna qədəm qoyduğunu əminliklə qeyd edirik. Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından xilas edən dahi şəxsiyyət Heydər Əliyev, eyni zamanda, torpaqlarımızın işğalının qarşısını aldı. O illərdə Ordu torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Ümummilli Lider hakimiyyətə qayıdışı ilə ordu quruculuğunu prioritet məsələ kimi öndə saxladı. Azərbaycan Ordusu özünün inkişaf dövrünü yaşadı, maddi-texniki bazasını daha da möhkəmləndirdi. Qısa müddətdə Ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadir olan mütəşəkkil hərbi qüvvəyə çevrildi.
Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli Ordunun olması daha vacibdir. Ümummilli Lider bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır. Bu məqamı da qeyd edək ki, ordu quruculuğu istiqamətində mühüm addımlar Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə də əsas diqqət göstərilən məsələ olub. Belə ki, Azərbaycanı gələcəkdə müstəqil görmək istəyən Ümummilli Lider bu istiqamətdə mühüm addımlar atmışdır ki, bunlardan biri gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Bu gün böyük fəxrlə qeyd edirik ki, hazırda Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti hərbi liseyin yetirmələridir.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ordu quruculuğu sahəsində mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu. Qeyd edək ki, müstəqilliyimizin ilk illərində ölkədəki mövcud vəziyyət orduda xidmətdən yayınma hallarının, fərariliyin artmasına səbəb olmuşdur. 1993-cü ildən sabitliyin yaradılması, orduya diqqət və qayğı bu halları aradan qaldırdı, Azərbaycan gəncləri böyük əhval-ruhiyyə ilə “Vətən mənə oğul desə nə dərdim...” deyib ordu sıralarına daxil olur, torpağının, Vətəninin keşiyində şərəflə dayanırdı. Ümummilli Lider Heydər Əliyev bildirirdi: «Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik.» 1994-cü il mayın 12-də dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizin sülh siyasətinə sadiqliyini dünyaya nümayiş etdirməklə yanaşı, digər sahələrin, o cümlədən ordunun da inkişafına geniş yol açdı. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət kimi dövlət siyasətinin əsasında dayandı.
Azərbaycan Ordusu zaman-zaman qazandığı Zəfərlərlə malik olduğu imkanları təqdim edir. Belə ki, 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü göstərdi. 2016-cı ilin 2 aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Azərbaycan Silahlı Qüvvələrinin daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.
Bu mühüm məqamı da qeyd edək ki, ordu quruculuğu kimi geniş, əhatəli bir prosesi şərtləndirən amillərin hər birinə ayrılıqda və vəhdətdə xüsusi diqqət yetirilir. Ordunun döyüş qabiliyyətinin artırılmasında taktiki təlimlərin olduqca böyük əhəmiyyəti vardır. Ali Baş Komandanın tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər təsdiqlədi ki, ordumuz güclüdür, Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində Zəfərə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.
2020-ci ilin 10 dekabr tarixində şanlı Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradı keçirildi. İkinci Qarabağ müharibəsinin başlandığı andan Azərbaycanın yanında olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında iştirak etmək üçün ölkəmizdə səfərdə oldu. Bu, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının təqdimatı oldu.
Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. Cənab İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə keçməsi barədə göstəriş verib. Bununla bağlı Azərbaycan Ordusunun təşkilati-ştat strukturu optimallaşdırılıb, idarəetmə təkmilləşdirilib və əməliyyat qabiliyyəti inkişaf etdirilib. Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı tükənməz perspektivə malikdir. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir.
Azərbaycan Prezidenti İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaq. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verəcək. Müdafiə sənayesi sahəsində mühüm əhəmiyyət kəsb edən əlaqələr də Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın əsas istiqamətlərindəndir. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun qələbəsində Türkiyə hərbi sənayesinin istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarının rolu danılmazdır. “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir” söyləyən cənab İlham Əliyev sevinc hissi ilə qeyd edir ki, biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu, qalib xalq kimi qeyd edirik.
Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi