24 iyun 2024 17:17
270

Effektiv ordu quruculuğu siyasətinin məntiqi nəticəsi

Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında bildirirdi ki, “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır”. Vətən müharibəsi bu fikri bir daha sübut etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Qələbə, 44 gündə keçirilmiş hərbi əməliyyatlar Ordumuzun qüdrəti ilə yanaşı ölkəmizin də gücünü bütün dünyaya göstərdi.

Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz. Odur ki, dahi şəxsiyyətin siyasi kursunun əsasını məhz Azərbaycan Ordusunu davamlı olaraq gücləndirmək təşkil edirdi. Ulu Öndər eyni zamanda bildirirdi ki, gərək Azərbaycan əsgəri və zabiti yüksək mənəviyyata malik olsun. Azərbaycan xalqının yüksək mənəvi dəyərləri ilə yaşasın. Vətənpərvərliyi, vətəni sevməyi, vətən yolunda şəhid olmağı daim gözünün önündə saxlasın. Məhz bu gün Azərbaycanın güclü orduya sahib olmasının əsasını bu ideyalar təşkil edir.

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, bu günümüz üçün gördüyü işlərdən biri də ordu quruculuğu sahəsində əhəmiyyətli addımların atılmasıdır. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli Silahlı Qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdur. Ümumilikdə Ümummilli Liderin hakimiyətinin hər iki dövründə ordu quruculuğuna diqqət və qayğı prioritet olub. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sahəsinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra C.Naxçıvanski adına hərbi lisey ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.

44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. 2021-ci il 24 dekabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə hərbi hissənin açılışında bildirmişdir: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.”

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Prezidentin 2022-ci il 5 mart tarixli fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb: Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan ordusu beynəlxalq standartlara cavab verən, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Onu da qeyd edək ki, Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
2003-cü ildən Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən dövlət başçısı İlham Əliyev Silahlı Qüvvələrin modernləşdirilməsini dövlət siyasətinin strateji isiqamətlərindən biri kimi öndə saxlayır. Azərbaycan dövləti hər zaman ordumuzun gücünə, qüdrətinə arxalanaraq ən yüksək tribunalardan bəyan edirdi ki, işğal altında olan torpaqlarımızı nə yolla olusa-olsun azad edəcək, ərazi bütövlüyümüzü təmin edəcəyik. Sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyi inkar edilmirdi.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindəndir. Bu nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.

Yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan hərbi təyinatlı məhsullar hesabına avadanlıqların, hərbi texnikanın, silah –sursatın ixracının azalması, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda təşkil olunan İDEX beynəlxalq müdafiə sərgilərində iştirakı ölkəmizə marağı artırır.

Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Prezidentin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır.

2003-cü ildən bu vaxta kimi hərbi xərclərə ayrılan vəsaitin məbləğinin ildən-ilə artırılması, ordumuz üçün ən müasir texnika və silahların alınması, xüsusilə də zirehli texnika, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, ən müasir pilotsuz uçuş aparatları, ən müsir artileriya qurğuları, uzunmənzilli raketlər, yaylım atəşli raket sistemləri və s. alınması dövlətimiz tərəfindən ordu quruculuğu sahəsinə mühüm önəm verildiyinin bariz nümunəsidir. Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq səviyyədə etiraf edilir. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik kimi dəyərləndirilir və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Yeni dövr uğurla başlayır, uğurla da davam edəcək. Bu gün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanına çevrilib. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qovuşur, bu ərazilərə yeni nəfəs verilir. Vətəni bütövləşdirərək hər günümüzü bayrama çevirən şərəfli ordumuz hər cür alqışa layiqdir. Qalib Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir.

Taleh Yusifov,
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun şöbə müdir müavini,
YAP Xətai rayon təşkilatının üzvü