26 iyun 2024 01:58
259

Borrelin sayıqlamalarına cavab: Yazmağı bizdən…

Avrop İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sülhə təhlükə, təhdid sərsəmləmələri daşnak ideyasının fransızsayaq sayıqlamasıdır

Ermənistana dəstək verən bəzi Avropa təsisatlarının hərdən bir hava çalmaq vərdişinə alışsaq da dediklərini özlərinin belə «unutmaları», qısa müddətdə mənfini müsbət mənasında yozmaları heç cür anlaşılan deyil. Daim Azərbaycana qarşı qərəz allergiyası olan Avropa Şurasının, Avropa Parlamentinin «Həftə səkkiz, onlar doqquz» deyiminə uyğun olaraq ölkəmizlə bağlı əsası olmayan bəyanatlarının hansı məqsədlə, hansı mənbələrin maddi maraqları naminə qəbul olunduğunu bu qurumlarda təmsil olunanların əksəriyyəti hamıdan yaxşı bilir. Necə deyərlər, qonşuda bişər bizə də pay düşər. Avropa təsisatlarında illərdən bəri davam edən korrupsiya, rüşvətxorluq hallarını təsdiq edən qitənin hüquq-mühafizə orqanlarının açıqlamalarında açıq-aydın göstərilir ki, erməni milyarderlərinin dolları hesabına qəbul olunan, siyasi alverin bir növü kimi artıq şaxələnən anti-Azərbaycan ruhlu sənədlərin heç biri reallığı əks etdirmir.

Bir məsələ həqiqətdir ki, ölkəmizə qarşı təxribatlarda Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali tümayəndəsi Jozep Borrelə çatan olmaz. Çünki Azərbaycanda uçan milçəyin səsini bizdən əvvəl eşidən və dərhal hücuma keçən bu zatın «Laçın yolunun dərhal açılmasını» tələb etməsi, hayların quraşdırdıqları «blokada», «humanitar fəlakət», «soyqırımı» barədəki hikkələri, oyuncaq rejimin keçirdiyi qeyri-qanuni, eyni zamanda məzhəkə xarakterli «prezident seçki»lərini dəstəkləməsi Borrel həyasızlığının çirkin oyunu, siyasi şou idi.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş nazirii Nikol Paşinyan arasında təşkil olunan üçtərəfli görüşlərdə bildirilirdi ki, bu qurum Cənubi Qafqazda sülhün, sabitliyin yaranmasında maraqlıdır və bunun üçün mümkün imkanlardan istifadə olunacaq. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına həmişə ikili standartlar prinsipi ilə yanaşan Aİ-nin «bütün səyləri» həmişə olduğu kimi, yenə də ikibaşlı oldu. Ötən illərdə Xankəndidə separatçıların qeyri-qanuni «prezident» seçkilərinə münasibətini müəmmalı “Prezident seçkisi”nin keçirildiyi hüquqi çərçivəni tanımırıq, lakin Dağlıq Qarabağ erməniləri Azərbaycanla danışıqlara hazır olan rəhbərlik ətrafında birləşməlidir» sözləri ilə bildirən Aİ-nin erməniləri guya mövcudluğu qəbul, edilməyən, səlahiyyətləri olmayan qurumun ətrafında birləşməyə çağırmasının hansı məntiqə uyğun olduğunu heç özləri də izah edə bilmədilər. Məqsədi, məramı eyni olan məsələyə fərqli münasibət təbii ki, Azərbaycana qarşı tətəbiq edilən ikili standartların dəyişilməyən təzahürü idi. Demək belə çıxır ki, Cənubi Qafqazın ən güclü, qüdrətli dövləti olan Azərbaycanın ərazi bütövlüyünün, konstitusiya hüquqlarının pozulması qəbulediləndir. Beləcə himayədarları ərköyün Ermənistana növbəti dəfə dəstək göstərdilər. Erməni separatizminə canıyanarlıq bununla da bitmədi. Çox keçməmiş Aİ-nin «Cənubi Qafqazda sabitlik üçün planlaşdırdığı dəstəyin» xoruzvari quyruğu göründü. Sən demə 2023-cü il fevral ayının 20-dən Avropa İttifaqının Monitorinq Missiyasının 2 il müddətinə Ermənistanda yerləşməsi, ilkin mərhələdə 100 nəfərdən ibarət olan missiya üzvlərinin sonradan 209 nəfərə çatdırılması, diplomatik statusa bərabərləşdirilməsi borrelsayaq sülhə yardım imiş.

Bu günədək etdikləri ilə kifayətlənməyən Borrel ermənipərəst dəst-xəttini davam etdirir. Cozep Borrelin hazırladığı Qarabağdakı antiterror tədbirlərinə dair qərəzli anti-Azərbaycan bəyanatı Aİ-nin bütün 27 üzv dövlətinin birgə sənədi kimi qəbul olunmalı idi. Lakin Macarıstanın Avropa İttifaqının Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanatına veto qoyması Cozep bəyi əsəbiləşdirmişdi.

Bu günlərdə həmin Cozep Borrelin rəsmi Bakının ünvanına bir sıra ittihamlar səsləndirməsi qurumun ikili standartlarının daha bir təzahürü kimi Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Azərbaycanın öz ərazisində separatçı xunta rejiminə qarşı həyata keçirdiyi lokal antiterror tədbirlərini şərh edən avropalı həpənd Borrelin «dahiyanə» açıqlamasına görə, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinə görə rəsmi Bakı məsuliyyət daşıyır: Əgər ermənilərin hərbi yollarla zorakı yerdəyişməsi həyata keçirilərsə, Aİ-nın ciddi reaksiyası ilə qarşılaşacaq. Bu «təhdid»in Moşusayaq komik açıqlaması belədir: «Yol verin, İrasim gəlir!»

Mirzə Ələkbər Sabir demişkən, bəxtəvər olsun başım, bəxtimiz oğlan imiş! 30 il Azərbaycan xalqına qarşı siyasi, hüquqi, fiziki, ekoloji qırğınlar törədən, rast gəldikləri azərbaycanlıları uşaq, qadın, qoca demədən gülləbaran edən ermənilərin törətdikləri Xocalı soyqırımına səssiz qalan, bu günlərdə aşkarlanan sahibsiz məzarlarda sümükləri sızıldayan soydaşlarımızı min əzabla qətlə yetirən erməniləri mələk donunda təqdim edən Borellə ən çox yaraşan isim şeytanlaşan İblisdir. İkinci Qarabağ müharibəsindən sonra belə ermənilərin basdırdıqları minaların qurbanları olan azərbaycanlıların taleyinə biganə qalan Borrelin sarsaqlamalarından bəlli olur ki, Ermənistan-Azərbaycan şərti sərhədində patrul rejiminin tətbiqinin əsas təşəbbüskarları Fransa, Almaniya və Aİ-dır. Məqsəd isə son günlərdə Ermənistanda intensivləşən aksiyaların, rəsmi İrəvanın Qarabağdakı iflasının əsas səbəbkarı kimi günahlandırılan Paşinyanın «istefası» çağırışlarının qarşısını almaqdır.

Bölgədə yaranan belə reallıqlardan xəbəri olmayan Cozep bəyə tövsiyə edirik ki, bundan sonra Azərbaycan Ermənistan barədəki sayıqlamalarının motivlərini dəyişsin. Cızma-qaralarında havadan, sudan deyil, Prezident İlham Əliyevin sülh çağırışlarına yönələn müraciətlərindən bu cür nümunələr gətirsin: «Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır».

Ötən ilin sentyabrında aparılan lokal xarakterli antiterror tədbirlərində dövlət başçımızın tapşırıqlarına əməl edildi. Xankəndini könüllü tərk edən ermənilərə ev əşyalarını aparmağa belə şərait yaradıldı. Borrelə xatırladaq ki, erməni cəlladlarının Xocalıda törətdikləri soyqırımında azərbaycanlılar qışın soyuğunda, şaxtasında meşələri, çayları ayaqyalın, köməksiz keçərək yollarda həlak olmuşlar.

Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilən «Əfsuslar olsun ki, bu cavab Aİ-nin ali nümayəndəsinin erməniləri razı salmaq, habelə heç bir mənəvi və faktiki əsası olmayan iddianı irəlilətmək üçün göstərilən növbəti cəhdidir. Biz bu yalan və təhrikedici iddiaları rədd edirik» sözləri Borrelin yalanlarına salınan həqqət işığıdır. Nazirliyin sözçüsü Ayxan Hacızadə Borrelin guya Azərbaycanda qeyri-qanuni saxlanılan erməni əsirləri ilə bağlı iftiralarına da aydınlıq gətirib. Xatırladıb ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib. Bildirilib ki, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun şəkildə rəftar edilib, onlar işgəncələrə, təhqirlərə və qeyri-insani rəftara məruz qalmayıblar. Onların hər birinə həbsdə olarkən tibbi xidmət göstərilib, müayinələrdən keçiblər, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri həmin şəxslərlə müntəzəm görüşlər keçirib və ailələri ilə təmasları qurulub. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra rəsmi İrəvan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər.

Həbsdə qalan müharibə cinayətkarları, separatçı «lider»lər və digər erməni əsilli şəxslər isə ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər, yaxud da onlarla bağlı istintaq prosesi davam edir. Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir. Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər.

Əslində Aİ-nin diqqətini Ermənistanın azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, eləcə də itkin düşmüş azərbaycanlılara qarşı qəddar rəftarına dair sübutlara yönəltməyi daha məqsədəuyğun olardı. Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü başlayandan bəri 3890-dan çox azərbaycanlı itkin düşüb və onların taleyi naməlum olaraq qalmaqdadır. İtkin düşənlərin 3171 nəfəri hərbçi, 719 nəfəri (71 uşaq, 267 qadın və 326 ahıl şəxs daxil olmaqla) isə mülki şəxslərdir.

Ermənistana və digər ölkələrə köç edən ermənilərin hüquqlarının təmin edilməsi ilə bağlı şərhlərə gəldikdə isə xatırlatmaq vacibdir ki, Azərbaycanın reinteqrasiya çağırışına, proqramına və bu istiqamətdə addımlarına baxmayaraq, yerli erməni əsilli şəxslər ölkəmizi tərk etmək və geri qayıtmamaq qərarında qəti idilər. Təəssüf ki, evlərindən zorla və amansızcasına didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı Aİ tərəfindən 30 ilə yaxın müddət ərzində heç bir narahatlıq və ya çağırışın şahidi olmamışıq.

Azərbaycan bu həlledici məqamda Aİ tərəfinin regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinəcəyini gözləyir”. Amma çox güman ki, Borrelin bu reallıq qarşısında deməyə sözü olmayacaq. Hər halda biz daşnak ideyası, Fransa siyasəti ilə sayıqlayan Borrelə nə edəcəyinə Prezident İlham Əliyevin sözləri ilə bələdçilik edək: « Düşünürdüm ki, bu hadisələrdən sonra münasibətlərimizdə sağlam məntiq üstün olacaq və körpülər yandırılmayacaq, çünki bu, prinsip etibarilə nə Fransaya, nə də bizə lazımdır. Hərçənd hər bir ölkə bir-birini unudaraq sakit yaşaya da bilər. Bununla yanaşı, bütün bu proseslər davam edirdi və bildiyiniz kimi, həm parlament, həm də Senat qondarma «Artsax»”ı tanıdılar. Amma mənim qondarma «Artsax”»ın dislokasiyası barədə tövsiyələrimi də yəqin ki, heç kim unutmayıb. Yeri gəlmişkən, onlar öz qüvvəsindədir, bəlkə də indi lokasiyanı dəyişmək olar, çünki bilirəm ki, Paris meri Qarabağdan çıxanlara fəxri vətəndaşlıq verib. Təklif edərdim ki, bəlkə də fəxri sözünü real vətəndaşlıq ilə əvəz etsinlər, onları Parisin mərkəzində yerləşdirsinlər və orada Artsax respublikası elan etsinlər. Amma bunu elə-belə, şərh qismində söylədim.» Necə deyərlər, deməyi bizdən, yozmağı, nəticə çıxarmağı Borreldən!

Xuraman İsmayılqızı, «İki sahil»