25 iyun 2024 23:23
250

Onlar bizi qoruyur!

Azərbaycan polisi düşmənə, cinayətkarlara qarşı nə qədər amansızdırsa dinc insanlara qarşı da bir o qədər mərhəmətlidir

İyulun 2-də 106 yaşını qeyd edəcək Azərbaycan polisi Vətəninin və xalqının xidmətində, qanunçuluğun keşiyində sədaqətlə dayandığını, öz andına sadiq olduğunu dəfələrlə tarixin taleyüklü anlarında şəhidlik zirvəsinə ucalmaqla təsdiq edib. Bizim polisimiz qanunun aliliyinin təmin edilməsi, cinayətkarların cəzalandırılması, dinc insanların, mülki vətəndaşların zərər görməməsi naminə öz canını təhlükəyə atmaqdan çəkinməyib. Şanlı polisimiz lazım gələndə öz xidməti vəzifəsinə birbaşa aid olmayan şərəfli missiyaları öhdəsinə götürüb, Vətən naminə döyüşçüyə, əsgərə çevrilib...

Ötən əsrin 90-cı illərinin əvvəllərində öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın nizami, peşəkar ordusu formalaşmadığından Ermənistanın başlatdığı genişmiqyaslı işğal siyasəti misli görünməmiş fəlakətlərə yol açırdı. Qarabağın azərbaycanlılar yaşayan əksər kəndlərinin sakinləri hər an vəhşiləşmiş, azğınlaşmış erməni cinayətkarların hücumuna məruz qalacaqları qorxusu ilə yaşayırdılar. O ağır günlərin şahidi olaraq yaxşı xatırlayıram ki, respublikamızın müxtəlif rayonlarından polislər növbə ilə cəbhə bölgələrinə ezam olunur, kəndlərin müdafiəsində iştirak edir, müqəddəs torpaqlarımızın erməni təcavüzünə məruz qaldığı ilk anlardan başlayaraq döyüşlərdə qəhrəmancasına savaşırdılar. Sakini olduğum Xocalı rayonunun Kosalar kəndi də ermənilərin amansızcasına hücumlar etdiyi yaşayış məntəqələrimizdən idi. Həmin vaxt Bakıdan, Şamaxıdan, Gəncədən, Yevlaxdan və digər ərazilərdən polislərimiz bizim köməyimizə gəlmişdilər. Təəssüf ki, qanlı döyüşlər zamanı kənd sakinləri ilə birlikdə həmin polis əməkdaşlarından da şəhidlik zirvəsinə ucalanlar oldu. Azərbaycan polisinin rəşadətini, vətənpərvərliyini aşağıdakı faktlar da təsdiq edir: Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) 1695 əməkdaşı və hərbi qulluqçusu qəhrəmancasına həlak olub, 1710 nəfəri isə yaralanıb. Göstərdikləri şücaət və igidliyə görə onlardan 67 nəfəri “Milli Qəhrəman” adına, 1143 nəfər isə orden və medallara layiq görülüb.

Birinci Qarabağ müharibəsi ilə müqayisədə 2020-ci ildə şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tariximizin qəhrəmanlıq səhifələrini yazdılar. Ordumuzun yüksək fiziki və psixoloji hazırlığı, peşəkarlığı, ən müasir hərbi vasitələrlə, silah-sursatla təmin edilməsi Zəfərimizi şərtləndirməklə yanaşı, öz qüdrəti, döyüş qabiliyyəti ilə dünyanı  heyrətdə qoydu. Ancaq polislərimiz, DİN Daxili Qoşunlarının (DQ) xüsusi təyinatlı qüvvələri, əsgər və zabitləri də torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda gedən döyüşlərdən kənarda qalmadılar, vahid komandanlıq altında xüsusi rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər. Bir-birinin ardınca azad olunan rayonlarımıza, kəndlərimizə ilk ayaq basanların, o torpaqlarda bayrağımızı dalğalandıran oğullarımızın arasında DİN-in şəxsi heyəti də var idi. Ağır döyüşlərdə onlardan 66 nəfər şəhid oldu, 346 hərbi qulluqçu yaralandı. Onlardan 4 nəfəri Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, digər ali dövlət mükafatları ilə təltif edilənlər arasında çoxlu sayda DİN-in hərbi qulluqçusu və polis əməkdaşı var.

Nəhayət, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ ərazisində keçirilən lokal antiterror tədbirləri zamanı da polislərimiz Azərbaycanın suverenliyinin tam bərpa edilməsi uğrunda gedən döyüşlərin ön sıralarında idilər. Cəmi 23 saat davam edən əməliyyatlar zamanı 12 qəhrəman polisimiz və DQ-nin hərbi qulluqçusu şəhadətə qovuşdu, onlar bu şanlı Zəfər salnaməsinə öz qanları ilə imza atdılar.

Bu gün də DİN-in əməkdaşları respublikamızın bütün şəhər və kəndlərində olduğu kimi, işğaldan azad edilən ərazilərdə də təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamaqdadırlar. Təmkinli, cəsur, daim ayıq-sayıq xidmətdə olan polislərimiz işğaldan azad edilən torpaqlarda Azərbaycan qanunlarının keşiyindədir.

Azərbaycan polisi torpağına göz dikən düşmənə, qanunları pozaraq hərc-mərclik salmağa çalışan cinayətkarlara qarşı nə qədər amansız və sərtdirsə dinc insanlara qarşı da bir o qədər mərhəmətlidir. İyunun 24-də Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan Allahverdiyev Rövşən Oqtay oğlu saxlanılarkən ailə üzvlərinin arxasında gizlənərək silahlı müqavimət göstərdiyi zaman polislərimizin davranışı da məhz həmin mərhəmətin, fədakarlığın, humanizmin nümunəsidir. Onlar – polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov öz canları bahasına başa gəlsə belə, R.Allahverdiyevin ailə üzvləri zərər çəkməsin, günahsız qadın, uşaqlar təhlükədən uzaq olsunlar deyə atəş açmayıblar. Sonda cinayətkar, təbii ki, zərərsizləşdirilib. Ancaq Azərbaycan polisləri göstərdilər ki, onlar məsumları yaşatmaq üçün həyatlarından keçməyi bacaran qəhrəmanlardır!

Polisimiz, eyni zamanda, hər bir Azərbaycan vətəndaşının güvən yeridir. Biz onların sayəsində ölkəmizin istənilən ərazisində, günün istənilən vaxtı qorxusuz-ürküsüz, rahat şəkildə gəzib-dolaşa bilirik. Bilirik ki, xoşagəlməz bir şeylə üzləşsək imdadımıza, kömyimizə yetən olacaq. Çünki onlar özümüzünkülərdir – öz övladlarımız, qardaşımız, əmimiz, dayımız oğludur. Onlar bizi qoruyur! Onlar şanlı Azərbaycan polisləridir!

Mahir Rəsuloğlu, “İki sahil”