28 iyun 2024 10:15
224

Yaşıl dünyaya uzanan polad yollar...

 “Azərbaycan Dəmir Yolları” “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində həyata keçirilən tədbirlərə davamlı olaraq töhfə verir

Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində beynəlxalq səviyyədə nüfuzu günbəgün artan, dünyada multikulturalizmin təşviqinə böyük önəm verən və bu istiqamətdə özünün nümunəsini ortaya qoyan, milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verən Azərbaycan son illərdə  nüfuzlu mötəbər tədbirlərin, qlobal forumların, müxtəlif missiyaların görüşlərinin  ənənəvi olaraq keçirildiyi məkana çevrilib. Dünyanın ən böyük beynəlxalq konfransı olan BMT-nin İqlim Dəyişikliyi

Yaşıl dünyaya Azərbaycan platformasından baxış

COP29-un yaşıl enerjiyə qlobal keçid, istixana qazı emissiyalarının və iqlim dəyişikliyinin azaldılması üçün güclü stimul olacağı gözlənilir. COP-un son dövrlərdə neft ölkələrində keçirilməsi o mesajı verir ki, bu ölkələr də öz iqtisadiyyatını yaşıl enerjiyə keçid istiqamətində qurmağa doğru addımlayır və ətraf mühit məsələlərinə həssas yanaşırlar. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu, COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, “yaşıl ideya”lar və “yaşıl proqram”larla bağlı məsələlərə Azərbaycan platformasından baxılacağı və onun təcrübəsinin öyrəniləcəyi deməkdir. 

Azərbaycanın COP29-a ev sahibliyi etməsinin bir sıra mühüm nəticələrə gətirib çıxaracağı və ölkədə yaşıl keçidə əhəmiyyətli təsir göstərəcəyi gözlənilir. Birincisi, Azərbaycanın bu beynəlxalq tədbirdə iştirakı onun iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynamağa və dayanıqlı iqtisadi modelə keçməyə hazır olduğunu təsdiqləyir. Bu, ölkənin müsbət imicini yaratmağa və yaşıl sənayenin inkişafı üçün investisiya cəlb etməyə kömək edir. İkincisi, COP29 Azərbaycana digər ölkələrlə təcrübə və ən yaxşı təcrübə mübadiləsi imkanı verəcək. Ölkə bərpaolunan enerji, enerji səmərəliliyi, tullantıların idarə edilməsi və yaşıl inkişafın digər aspektləri sahəsində qabaqcıl texnologiyalar və innovativ yanaşmalar haqqında məlumat əldə edə biləcək. Bu, Azərbaycana ekoloji siyasətini təkmilləşdirməyə və yaşıl məqsədlərinə nail olmaq üçün effektiv strategiyalar hazırlamağa imkan verəcək. Bundan əlavə, COP29-un nəticələri iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığı gücləndirəcək yeni beynəlxalq saziş və müqavilələrin hazırlanması üçün əsas ola bilər.

Azərbaycan yaşıl hədəflərini inkişaf etdirərək iqlim dəyişikliyinə qarşı mübarizədə özünün iradəsini ortaya qoyur. Azərbaycanın Qoşulmama Hərəkatında (QH) körpü rolunu oynamaqda böyük təcrübəsi var. Respublikamız  Hərəkata dörd il ərzində sədrlik həyata keçirib. Azərbaycanın 120 ölkənin birləşdiyi quruma sədrliyi dönəmində QH böyük tərəqqiyə nail oldu, onun funksionallığı və beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı. Eyni zamanda, respublikamız Avropa İttifaqına  (Aİ) üzv olan ölkələrlə fəal işləyir. Bundan başqa, respublikamız geniş İslam coğrafiyasında böyük nüfuza malik olan ölkədir. Bütün bunlar Azərbaycanın birləşdirici rolunu gücləndirən amillərdir. Əsas məqamlardan biri də Azərbaycanın xoş niyyəti və siyasi iradəsi ilə bağlıdır. Ölkəmiz malik olduğu potensialdan və imkanlardan heç vaxt başqalarına qarşı təzyiq vasitəsi kimi istifadə etmir, əksinə daim qlobal həmrəyliyi, barışığı, ümumi məqsədləri hədəfləyən təşəbbüslər irəli sürür.

Azərbaycan hökuməti iqlim dəyişmələrinə bütün dünyanı narahat edən ən qlobal problemlərdən biri kimi həssas yanaşaraq “yaşıl mühit” quruculuğunda dayanmadan səylərini artırır. Məlum olduğu kimi, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri məhz "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" olmaqdır. Həmin prioritetə uyğun şəkildə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm işlər aparılır. Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru, Naxçıvanı "yaşıl enerji" zonası adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistemin bərpası istiqamətində ardıcıl işlər aparılır. Artıq Qarabağda və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub. 

Dəmir yolu nəqliyyatı daha az karbon izi buraxır və enerjidən daha səmərəli istifadə edir

Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə dəmir yolu nəqliyyatını inkişaf etdirmək və ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərə davamlı olaraq dəstək olmaq üçün ölkənin tranzit potensialını artırmaq və ekoloji dayanıqlılığı təmin etmək də önəmli faktorlardır. Çünki dəmir yolu nəqliyyatı, digər nəqliyyat növləri ilə müqayisədə daha az karbon izi buraxır və enerjidən daha səmərəli istifadə edir. Elektriklə işləyən dəmir yolları, xüsusilə sıfır emissiya səviyyəsinə nail olmaq baxımından böyük potensiala malikdir.  Bu baxımdan, dəmir yolu infrastrukturu üçün bərpaolunan enerji mənbələrindən istifadə də genişlənir. Günəş və külək enerjisi, dəmir yolu stansiyaları və digər infrastruktur obyektlərinin enerji tələbatını qarşılamaq üçün tətbiq edilir. Azərbaycan, beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək dəmir yolu nəqliyyatının inkişafında ən son yenilikləri və innovativ həlləri tətbiq edir. Bu əməkdaşlıq, ekoloji standartların yüksəldilməsinə və dayanıqlı nəqliyyat sistemlərinin yaradılmasına yönəlib.

Təmiz enerjidən istifadə genişləndirilir: Biləcəri və Gəncə lokomotiv təmiri depolarında ümumilikdə 750-dən çox günəş paneli quraşdırılıb

Bu strategiya çərçivəsində “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) özünün fəaliyyətində bir sıra yenidənqurma işləri aparır,  dəmir yolu şəbəkəsinin elektrikləşdirilməsi layihələrini həyata keçirir. Bu layihələr dizel lokomotivlərinin elektrik lokomotivləri ilə əvəz edilməsini və beləliklə, karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalmasını təmin edir. 2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olan ADY ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) sahələrini əhatə edən fəaliyyət proqramını təkmilləşdirib. ESG tədbirləri çərçivəsində ADY ekoloji təmiz enerjidən istifadəni də genişləndirir. “Yaşıl enerji”nin təşviqi məqsədilə Biləcəri və Gəncə lokomotiv təmiri depolarında ümumilikdə 750-dən çox günəş paneli quraşdırılıb və bundan depoların işıqlandırılmasında, isti su təminatında istifadə olunur. “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olan bu kimi addımlar növbəti illərdə daha da genişlənəcək.

Ekologiya dostu

Sərnişindaşımada ətraf mühitə tullantıları azaltmaq üçün elektrik qatarlarından istifadə edilir. ADY tərəfindən sifariş edilmiş və artıq 4-ü ölkəmizə çatdırılmış 10 ədəd yeni “Stadler” qatarının 6-sı elektriklə çalışır. Bu qatarlar sayəsində dəmiryol nəqliyyatının ətraf mühitin mühafizəsindəki payı daha da artacaq. Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.

ADY “yaşıl enerji”ni təşviq edərək karbon qazının atmosferə atılmasının qarşısını almağa böyük töhfə vermək  məqsədilə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının yenilənməsi zamanı binaların enerji təminatı üçün dam örtüyündə 650-dən çox günəş paneli quraşdırılıb. Həmçinin dəmir yollarının çəkilişi zamanı ətraf mühitə zərər vurulmaması üçün ADY tərəfindən bütün zəruri tədbirlər görülür.

ADY-nın son illərdəki fəaliyyətində bərpaolunan enerji mənbələrinin tətbiqi əsas yer tutur. Belə ki, bərpaolunan enerjinin istehsalı üçün dəyişən cərəyanla işləyən lokomotivlərin texniki baxış və təmirinin həyata keçirilməsi məqsədi ilə yeni inşa edilmiş Biləcəri lokomotiv deposunda gücü 66 kilovat olan 147 ədəd günəş paneli və isitmə məqsədi ilə 160 ədəd günəş paneli, yeni inşa edilmiş Gəncə lokomotiv deposunda isə gücü 66 kilovat olan 210 ədəd günəş paneli və isitmə məqsədilə 140 ədəd günəş paneli quraşdırılıb.   Ətraf mühitə təsirlərin müəyyənləşdirilməsi, təbiətin qorunması işində norma və qaydalara riayət olunmasının təmin edilməsi məqsədilə İSO 14001-in tələbi və ekoloji qanunvericiliklə tələb olunan ekoloji-normativ sənədlərin hazırlanması prosesi həyata keçirilir.

Dəmir yollarının tikintisi zamanı ətraf mühitə həssas yanaşma

Eyni zamanda, dəmir yollarının çəkilişi zamanı ətraf mühitə zərər vurulmaması üçün bütün zəruri tədbirlər görülür. Hər bir yeni layihədə ESG prinsipləri ən effektiv şəkildə təhlil olunaraq tətbiq edilir. Belə ki, Horadiz-Ağbənd xəttinin 85-ci km-də, Mincivan stansiyasının yaxınlığında meşəlik ərazinin zərər görməməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış şəkildə həmin ağacların yeri həssaslıqla dəyişdirilib. Maksimum çalışılır ki, dəmir yollarının tikintisi zamanı ətraf mühitə ziyan dəyməsin. ADY-nin hər bir layihəsində dəmir yolu zolağı boyunca ağacların əkilməsi diqqətdə saxlanılır. Bərdə–Ağdam layihəsinin artıq bir hissəsində şam ağacları və digər növ ağaclar əkilib. Bunlardan əlavə, dəmir yolu xətləri boyunca yaşıllıq zonasının salınması istiqamətində ADY tərəfindən davamlı olaraq yaz-payız mövsümlərində qurumun müxtəlif xidmət sahələrinin ərazilərində ağacəkmə aksiyaları təşkil olunur. Eyni zamanda, ADY işğaldan azad olunmuş ərazilərdə “yaşıl iqtisadiyyat”a keçid, o cümlədən COP29 çərçivəsində maraqlı tərəflərlə əməkdaşlıq edir, təşəbbüsləri stimullaşdırır.

ADY şirkətdaxili sənədləşmələrdə kağız istifadəsini azaltmaq üçün innovativ texnoloji həllərdən istifadə edir. Həmçinin bu ildən etibarən Abşeron dairəvi marşrutu üzrə kağız biletlərin satışı dayandırılıb.

ADY “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 2024-cü ildə də yeni texnologiyalar və rəqəmsallaşdırmanın tətbiqini sürətləndirərək şirkət tullantılardan səmərəli istifadə və təkrar emal proseslərinin genişləndirilməsi, biomüxtəlifliyin qorunması, çirkab sularının idarə olunması, eləcə də bərpaolunan enerji resurslarından istifadə istiqamətində fəaliyyətini genişləndirməyi hədəfləyir və ekoloji məsuliyyətini daha da artıraraq bütün maraqlı tərəflərlə həmrəy olmağa can atır.

Bir sözlə, "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyəti ölkənin nəqliyyat infrastrukturunun mühüm bir hissəsini təşkil edir və onun ekoloji təmiz nəqliyyata yönəlməsi gələcək nəsillər üçün sağlam bir mühit yaratmağa xidmət edəcək. Bununla yanaşı, dəmir yolunun yaşıl enerjiyə keçidi ilə bağlı aparılan islahatlar ətraf mühitə və cəmiyyətə mənfi təsirləri azaldacaq, bu nəqliyyat sektorunun yaşıllaşdırılmasına töhfə verəcək.

Yaqut Ağaşahqızı, “İki sahi”

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur