30 iyun 2024 19:19
261

Sülh üçün ən böyük əngəl... - ŞƏRH

Ermənistan rəsmiləri dünyanın gözünə kül üfürməkdə davam edirlər. Məsələn, bir neçə gün öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tallində estoniyalı həmkarı Marqus Saxkna ilə keçirdiyi mətbuat konfransında bildirib ki, guya İrəvan sülh müqaviləsi üzərində işi başa çatdırmağa və onu bir ay ərzində imzalamağa tam hazırdır. O,  bu prosesdə ölkəsinin daha fəal çalışdığını da vurğulayıb. Halbuki 4 kəndimizi işğal altında saxlayan Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası ilə bağlı bənd hələ də qalmaqdadır. Bu isə sülh üçün ən böyük əngəllərdən biridir. Təbii ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil. Çünki işğalçılığın təsdiqi sayılan bu müddəanın mövcudluğu Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyinin göstəricisidir. Bununla bağlı fikirlərini Prezident İlham Əliyev də dəfələrlə bəyan edib. 

Şübhəsiz, bütün bunları Ermənistan rəsmiləri, o cümlədən Ararat Mirzoyan da yaxşı dərk edir. Yeri gəlmişkən, bir müddət öncə Ermənistan hakimiyyəti ölkənin konstitusiya islahatlarının zəruri olması barədə fikilrər səsləndirib. Amma sonradan bəzi Qərb dairələrinin təsiri altında bu məsələ hökumətin siyasi gündəmindən çıxarılıb. İndi isə Hayastan bu məsələdə susmaqdadır. Üstəlik, rəsmi İrəvanın Mirzoyan kimi rəsmiləri iddia edirlər ki, guya bu, Ermənistanın daxili işidir və sülh sazişinin  imzalanması kontekstində nəzərdən keçirilə bilməz. Digər tərəfdən də təcavüzkar ölkə Fransanın və digər ölkələrin sayəsində silahlanmaqda, bölgəni yeni müharibəyə sürükləməkdə davam edir.

Yeri gəlmişkən qeyd edək ki, bir müddət öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həm Ermənistanın, həm də Azərbaycanın konstitusiyalarında iki ölkə arasında uzunmüddətli sülhün bərqərar olmasına maneələr törədən müddəalar olduğunu bildirmişdi. Şübhəsiz, onun bu sayıqlaması  beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqdan başqa bir şey deyildi. Çünki Ermənistanın konstitusiyasından və digər qanunvericilik aktlarından fərqli olaraq, Azərbaycanın heç bir qanunvericilik aktında qonşu dövlətlərə qarşı ərazi iddiası əksini tapmayıb. 

Bəli, Ermənistan sülhlə bağlı belə sayıqlamalar söyləməklə özünü bölgədə əsl “sülh carçısı” kimi təqdim etməkdə davam edir. Şübhəsiz, bir ay məsələsindən danışan Mirzoyan bu gedişlə Qərb dövlətlərinin qarşısında ölkəsinə müsbət imic qazanmağa çalışır. Nə yazıq ki, Cənubi Qafqaz bölgəsindəki proseslərdən tam hali olmayanlar “bu məzlum”un  sözünün üstünə son qoymurlar. Amma Ermənistan–Azərbaycan danışıqlarının təfərrüatlarına bələd olanlar yaxşı bilirlər ki, Ermənistanın bir ay ərzində sülh müqaviləsinin imzalanmasının real mümkünlüyü barədə söylədiyi  əslində, mövcud vəziyyəti olduğu kimi əks etdirmir. Bu, sadəcə, iki ölkə arasında indiyədək sülhün imzalanmamasının günahkarının Azərbaycan olduğuna hesablanmış, ölkəmizin nüfuzuna xələl gətirməyə ünvanlanmış gedişdən başqa bir şey deyl. Ararat Mirzoyan “İnanıram ki, Cənubi Qafqazda münaqişə səhifəsini bağlayaraq regiona sülh gətirməklə bunu edəcəyik, bu sülh region ölkələri və onların vətəndaşları üçün faydalı olacaq” deməklə də bu məsələdə guya Ermənistanın daha çox çalışdığını diqqət yönəltməyə çalışıb.

Yeri gəlmişkən qeyd edək ki, iyunun 30-da Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radmanla görüşündə də bu fikirləri xatırladıb. Belə ki, o, xüsusilə regional sabitliyin təmin edilməsi kontekstində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının vacibliyini vurğulayaraq, rəsmi İrəvanın bu məqsədlə artıq siyasi iradə nümayiş etdirdiyini əlavə edib. Halbuki, bu istiqamətdə əməli işlər görən və görməkdə davam edən rəsmi Bakıdır. 

Bu yerdə deyiblər də, adımı sənə qoyum, səni yana-yana qoyum. Amma hadisələrin gedişatı göstərir ki,  Mirzoyanın bu “adqoyma”sı əsla özünü doğrultmayacaq. Çünki dünyanın ədalətsevərləri artıq kimin kim olduğunu yaxşı bilirlər.  Bütün bunlardan belə qənaətə gəlmək olar ki,  elə yana-yana qalan da Ermənistan olacaq. Hə, bir də mirzoyanlara küllüklərdə ağnamaq qalacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”