28 iyun 2024 11:28
372

Həyatımız sığorta ilə daha rahat və gözəldir

Dünyaya göz açdığı gündən qəbir evinədək insan həyatının hər anı risk altında keçir. Artıq “Heç kim heç nədən sığortalanmayıb” məşhur deyiminin əksər dünya xalqlarının leksikonunda vətəndaşlıq hüququ qazanması da görünür elə bu səbəbdəndir. Bu deyimin açması odur ki, hər kəs hər an müxtəlif xoşagəlməz  hadisələrlə qarşılaşa bilər. Şübhəsiz, təbiət və insan faktoru nəticəsində ortaya çıxan belə hallarda həm maddi, həm də cismani itkilərlə üzləşmək qaçılmazdır. Amma, eyni zamanda, müasir dünyamızda belə bir reallıq da mövcuddur ki, insan müxtəlif xoşagəlməz hadisələrə tuş gəlməkdən sığortalanmasa da, özünü gələcəkdə qarşılaşa biləcəyi hər hansı xoşagəlməz hadisələrin maddi və mənəvi itkilərindən sığortalaya bilər. Bunun üçün yetər ki, atacağın riskli addımların təminat altına alınmasının qeydinə əvvəllcədən qalasan. Bu məqamda ortaya belə bir sual çıxır: İnsan atacağı riskli addımların qeydinə əvvəlcədən necə qala bilər? Təbii ki, tərəddüd etmədən çağdaş dünyamızda həyatımızın ayrılmaz parçasına çevrilmiş sığorta orqanlarına üz tutmaqla. Yəni, hər kəs bilməlidir ki, sığorta şirkətləri belə itkilər nəticəsində ortaya çıxan ziyanın tam və ya qismən ödənilməsini təmin edir. Bu gün bütün dünyada mövcud olan müxtəlif sığorta növlərinin siyahısında həyat sığortası ən öncül mövqe tutur desək, şübhəsiz, mübaliğəyə yol vermiş olmarıq.

Şəxsən mən bir araşdırmaçı jurnalist olaraq müşahidələrimə əsasən deyə bilərəm ki, bu gün Azərbaycanda avtomobil sığortasından sonra daha çox üz tutulan həyat sığortasıdır. Şübhəsiz,  son vaxtlar ölkədə həyat sığortasının bu dərəcədə populyarlaşmasında Azərbaycan Mərkəzi Bankının (AMB), Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) və İcbari Sığorta Bürosunun (İSB) ardıcıl surətdə birgə reallaşdırdıqları məqsədyönlü tədbirlərin rolu böyükdür. Bir yazı çərçivəsində bu tədbirləri tam əhatə etmək mümkün olmasa da belə bir faktı vurğulamaq zəruridir ki, son illərdə Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən fiziki şəxslərə verilən kreditlərin həcminin davamlı artımı müştərilərin həyat sığortası ilə müdafiəsinin gücləndirilməsini zəruri edib. Bu prosesin əsas təminatçısı olan AMB kredit təşkilatları tərəfindən istehlak kreditləri üzrə xidmət olunan fiziki şəxslərin ödəmə qabiliyyəti və onların həyat risklərinə qarşı müdafiəsi məsələlərinə xüsusi həssaslıqla yanaşır. Mərkəzi Bank, eyni zamanda, bu sahədə tənzimləmə çərçivəsinin inkişafını və nəzarətin gücləndirilməsini prioritet istiqamətlərdən biri kimi daim diqqət mərkəzində saxlayır.

Heç də təsadüfi deyil ki, bu prioritet vəzifənin həlli məqsədilə ilk dəfə AMB-nin təşəbbüsü ilə cari ilin əvvəlində ASA və Azərbaycan Banklar Assosiasiyasının birgə fəaliyyəti təşkil olunub. Yəni, sözügedən sahə ilə bağlı yeni şərtlər formalaşdırılaraq mövcud tənzimləmə çərçivəsi üzrə təkliflər irəli sürülüb və bununla bağlı Mərkəzi Bankla geniş müzakirələr aparılıb. Bu fəaliyyətin yekunu olaraq Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2024-cü il tarixli qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edilib. Şübhəsiz, bu əlavə və düzəlişlər istehlak krediti götürmək istəyən müxtəlif əhali qruplarının daha əlverişli şərtlərlə həyat sığortasına əlçatanlığını təmin edəcək.

Ölkə ictimaiyyəti Mərkəzi Bankın həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirməsini kredit risklərinin minimumlaşdırılmasına xidmət edəcək müsbət addım kimi dəyərləndirir. Yazının hazırlanması prosesində mövzu ilə bağlı həmsöhbət olduğum tanınmış iqtisadçıların fikirləri bunu bir daha təsdiq edir.
 Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, ümumiyyətlə, istehlak kreditlərinin sığortalanması uzun müddətdir müzakirə edilən məsələlərdən idi: “Bəllidir ki, indiyədək istehlak krediti götürən şəxs dünyasını dəyişdikdən sonra onun krediti vərəsəsi, yəni ailə üzvləri tərəfindən qaytarılırdı. Nəticədə dünyasını dəyişmiş şəxsin krediti əslində onun ailə üzvləri üçün əlavə maliyyə yükünə çevrilirdi. Səbəb də məhz sığortadan istifadə edilməməsi idi. Təbii ki, sığortadan istifadə edilməməsi nəticə etibarilə öhdəliyin bölüşdürülməməsinə gətirib çıxarırdı. Şübhəsiz, kreditlərin sığortalanması  imkan verəcək ki, kredit götürən şəxs dünyasını dəyişərsə və ya sağlamlığı ilə bağlı hər hansı bir problem yaranarsa, bu halda kredit onun ailə üzvləri deyil, sığorta şirkəti tərəfindən ödənilsin”.

V.Bayramov xüsusi vurğuladı ki, yeni Qaydalarda yer alan digər mühüm məqam əlillərin kreditə çıxış imkanlarının artırılmasıdır: “Halbuki, əvvəllər bu sahədə sığorta mexanizmi olmadığı üçün əlillər və ya kredit aldıqdan sonra əlillik dərəcəsi dəyişən vətəndaşlarımız üçün istər kreditlərin götürülməsində, istərsə də onun  qaytarılmasında  problemlər yaranırdı. Xüsusilə nəzərə alsaq ki, hazırda ölkə üzrə vətəndaşların götürdükləri istehlak kreditlərinin həcmi 7 milyard manatdan artıqdır, 3 milyon insanın istehlak krediti var, bu halda risklərin sığortalanmasını və xüsusilə risklərin idarə edilməsinə sığorta şirkətlərinin cəlb olunmasını uğurlu islahat kimi dəyərləndirmək olar. Risklərin idarə edilməsi həm də kommersiya banklarına praktik olaraq kredit faizlərini aşağı salmaq imkanı yaradacaq. Çünki risklər nə qədər çox idarə olunursa, o qədər azalır və bu da banklara imkan verir ki, kredit faizlərini aşağı salsınlar”.

İqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, risklərin idarə olunmasında sığorta mexanizminin tətbiqi bütün dünyada özünü doğrultmuş üsuldur. Ekspert əmindir ki, AMB-nin beynəlxalq təcrübəyə əsalanaraq yeni Qaydaları təsdiqləməsi tezliklə müsbət nəticəsini verəcək.

Bəli, həyatımız sığorta ilə daha rahat və gözəldir. Azərbaycanda həyat sığortalarının rolu qiymətləndirilərkən bu amil əsas götürülür. Təbii ki, risklərin təminat altına alınmasında bu sahədə fəaliyyət göstərən sığorta şirkətlərinin təcrübəsindən bəhs etməmək mümkün deyil. Belə təcrübədən söz düşəndə ilk olaraq göz önünə “PAŞA Həyat”  gəlir. “PAŞA Həyat”ın digər sığorta şirkətləri ilə müqayisədə xeyli dərəcədə populyarlığı, güvənliliyi ilə seçilməsi artıq hər kəs tərəfindən etiraf olunan faktdır. Bəs “PAŞA Həyat”ın bu dərəcədə etibar qazanmasının sirri nədədir? Təbii ki, həyata vəsiqə aldığı 2011-ci ildən bu günədək Azərbaycan miqyasında həyat sığortası üzrə lider olan bu şirkətin fəaliyyətində operativliyə, müştərilərlə ünsiyyətdə qarşılıqlı etimada, etibara üstünlük verməsində, kadr potensialının mükəmməlliyində, eləcə də düzgün istiqamətə yönləndirilmiş uğurlu strategiyada!

Sonda bir daha yazının başlanğıcında qeyd etdiyim fikirlərə qayıdaraq xatırlatmaq istəyirəm ki, heç kim nəinki sabah, hətta bir saatdan sonra başına nə iş gələcəyini bilmir. Ona görə də gəlin, fürsəti əldən verməyək, hamılıqla kiçik xərclə böyük itkilərin qarşısını alaq! Həyatımızı sığortalayaq!..

Cavid Əkbərov, “İki sahil” 

Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin təminat altına alınmasında həyat sığortalarının rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb