18 dekabr 2017 23:39
4061

Yuxunun əhəmiyyəti...

Nə qədər yatmalıyıq?

Gündəlik fəaliyyətimizin  üçdə birini təşkil edən yuxunun sağlam yaşamağımıza böyük təsiri var. Sağlam həyat yaşamaq istəyiriksə bilməliyik ki, gecə saat 23.00 -03.00 arası mütləq yuxuda olmaq lazımdır. Çünki bir insanın sağlam və yaxşı yaşaması üçün fizioloji “təmirlər” yalnız yuxu zamanı həyata keçirilir. Zehnimiz və vücudumuz “özünü təmizləmə” və “təmir işlərini” bu saatlarda aparır. Yuxu zamanı vücudumuzdakı bütün qanların beşdə bir hissəsi beyini qidalandırır. Gün ərzində qəbul etdiyimiz məlumatlar yaddaşda saxlanılır. Daha az xəstələnmək və güclü immun sisteminə malik olmaq üçün düzgün yuxu rejiminə riayət olunmalıdır. Yuxu zamanı Melatonin hormonu bədənin bioloji saatını qoruyub  tənzimləyir. Eyni zamanda Melatonin çox güclü bir antioksid və sərbəst radikal təmizləyicidir. Beyni qoruyur,  orqanizmdən zərərli xolesterolu azaldır. Hüceyrə sistemini yeniləyərək immun sistemini gücləndirir. Melatoninin başda xərçəng olmaqla müxtəlif xəstəliklərə təsir gücü var.

İdeal yuxu vaxtı yaşa görə dəyişir. Yeni doğulmuş körpələr gün ərzində 18 saat yatarkən, ibtidai sinif uşaqları 10-11 saat, yetkinlik yaşda isə 7-9 saat yatmaları vacibdir. Böyüklər üçün isə 7 saatdan az və ya 9 saatdan çox yuxu bədən üçün zərərlidir. 7 saatdan az yuxu orqanizmin  təmir sisteminə mənfi təsir göstərir, 9 saatdan çox yuxu isə şəkər və qan təzyiqini  yüksəldir. Ölüm riskini 30% artırır. Yaşlanmanı tezləşdirir, immun sistemini zəiflədir. Yuxunun mütləq bəlli bir zamanı olmalıdır. Sağlam həyat tərzi keçirən hər bir şəxs də buna əməl etməlidir.

Keyfiyyətli yuxunun faydaları aşağıdakılardır

- İmmunitet sistemini gücləndirir, xəstəliklərə qarşı müqaviməti artırır;

- öyrənmə qabiliyyətini artırır;

- yaddaşı gücləndirir;

- konsentrasiya gücünü artırır;

- xolesterolu azaltmaqla ürək xəstəliklərindən qoruyur;

- bədəndən zərərli toksinlərin çıxarılmasını təmin edir;

- bioloji saatin düzgün işləməsinə imkan verir;

- xərçəng riskini azaldır;

- beyin  özünü yeniləyir;

- yaşlanmanı gecikdirir;

- İflic və infarkt riskini azaldır;

- Uşaqlarda hiperaktivliyin qarşısını alır.

Şəmsiyyə Əliqızı, “İki sahil”