05 iyul 2024 00:35
277

Azərbaycan-Türkiyə-Pakistan birliyi sülh, təhlükəsizlik, sabitlik və tərəqqi təşviq edir

Bu bir həqiqətdir ki, Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri günün tələbləri səviyyəsində davamlı inkişaf edir. Bu üçlük istər ikitərəfli, istərsə də üçtərəfli münasibətlərdə bir-biri ilə sıx müttəfiqlik və dostluq bağları ilə birləşən qardaş ölkələrdir. Bu birlik və dostluğun əzəməti o qədər böyükdür ki, onların qarşısında mane ola biləcək heç bir sədd yoxdur. Yeri gəlmişkən qeyd edək ki, bu münasibətlər müharibə sınağından da şərəflə çıxıb. Belə ki, həm Türkiyə, həm də Pakistan 44 gün davam edən müharibədə və sonrakı müddətdə xalqımızın haqq işini birmənalı şəkildə müdafiə ediblər, Azərbaycana siyasi və mənəvi dəstək veriblər. Bu dəstək Azərbaycana qarşı beynəlxalq təzyiqlərin qarşısının alınmasında və Ermənistan üzərində hərbi-siyasi qələbəmizin qazanılmasında mühüm rol oynayıb. Təsadüfi deyil ki, həmin çətin günlərdə paytaxtımızda, eləcə də bölgələrimizdə hər evin, hər binanın eyvanında, pəncərəsində ucaldılan Azərbaycan Bayrağı ilə yanaşı, Türkiyə və Pakistan bayraqları da dalğalanıb.

Yeri gəlmişkən qeyd edək ki, 2021-ci ilin iyulun 27-də Milli Məclisdə ilk dəfə olaraq Azərbaycan, Pakistan və Türkiyənin parlament sədrləri arasında üçtərəfli görüş keçirilib. Üçtərəfli görüşün sonunda Bakı Bəyannaməsi imzalanıb. Bu üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı ölkələrimiz arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etməsinə, eləcə də xalqlarımızın ortaq maraqlarına xidmət etməkdədir.

İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüşdə də bu kimi məsələlər diqqət mərkəzində olub. Söhbət zamanı Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanıb, onun tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib.

Ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. İqtisadi-ticari əlaqələrin hazırda artan dinamikası müsbət hal kimi qeyd edilib, amma bunun ölkələrimizin potensialına tam şəkildə uyğunlaşdırılmasının vacibliyi vurğulanıb. Orta Dəhlizdə Pakistanın da iştirakı qeyd edilib və bunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin təşviqinə töhfə verəcəyi bildirilib.

Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə də toxunulub. Belə ki, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib. Təklif məmnunluqla qəbul olunub. Müdafiə sənayesi sahəsində üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi də vurğulanıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu görüşlə bağlı fikirlərini yerli media ilə bölüşərkən bildirib ki, üç ölkənin parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirlikləri səviyyəsində indiyə qədər bir sıra üçtərəfli görüşlər, tədbirlər və təlimlər keçirilib, əhəmiyyətli məsələlər üzrə razılıqlar əldə edilib və əməkdaşlıq səviyyəsi daha da genişlənib. Xüsusilə vurğulamaq lazımdır ki, nümunəvi xarakter daşıyan bu üçtərəfli əməkdaşlıq platformaları beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, yalnız sülh, təhlükəsizlik sabitlik və tərəqqini təşviq edir. O, həmçinin qeyd edib ki, Astanada liderlər səviyyəsində keçirilmiş bu görüş üç ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsi, məhz liderlərin rəhbərliyi ilə üçtərəfli əməkdaşlıq platformasının güclənməsi və müntəzəm şəkildə təşkili, Azərbaycan-Pakistan-Türkiyənin yeni istiqamətlərdə strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinə təkan verəcəkdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”