05 iyul 2024 17:14
180

Dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlanıb

İyulun 5-də “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlanıb.

“İki sahil” xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən mərhələdə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, elm və təhsil naziri Emin Əmrullayev gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Qonaqlar yarımfinal mərhələsinə yüksələn iştirakçıları təbrik edərək onlara uğurlar arzulayıblar. Onlar öz çıxışlarında müsabiqənin iştirakçılara dəyərli təcrübə qazandıracağını və gələcək karyeralarında əhəmiyyətli rol oynayacağını vurğulayıblar.

“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümünün yarımfinal və final mərhələlərinin ümumi konsepti “Təbiəti yaşıllaşdır, dünyanı yaxşılaşdır” devizi ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda elan edilən "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub.

Namizədlər açılış gününə özəl təşkil olunmuş “Yaşıl aksiya”da iştirak ediblər. Bu təşəbbüs iştirakçıların təbiətə olan sevgisini artırır və onları ətraf mühitin qorunması istiqamətində fəal olmağa çağırır. Təbiəti yaşıllaşdırmaq və dünyanı yaxşılaşdırmaq yanaşmasına əsasən keçirilmiş “Yaşıl aksiya” iştirakçılar arasında böyük marağa səbəb olub.

Qeyd edək ki, əyani mərhələni uğurla başa vuran 328 namizəd yarımfinalda iştirak edir. “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin ilk günündə iştirakçılar “Nə? Harada? Nə zaman?” intellektual oyununda öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Yarımfinalın növbəti günlərində iştirakçılar keyslər üzrə mübarizə aparacaq və onların səkkiz səriştəsi (strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət, liderlik) ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirilir. Namizədlərin səriştələri onlara verilən tapşırıqlara yanaşmalarına əsasən qiymətləndiriləcək. İştirakçılara təqdim edilən keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl formatda hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini əhatə edir. Yarımfinal mərhələsi iyulun 7-də tamamlanacaq. Mərhələni uğurla başa vuran iştirakçıları final mərhələsi gözləyir. Müsabiqənin final mərhələsi iyulun 19-21-də keçiriləcək. Bununla da dördüncü “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.