05 iyul 2024 22:50
512

XXI əsr türkçülüyün təntənəsi, Zəfər tarixidir!

Türk Dövlətləri Təşkilatına üzv ölkə başçılarının Azərbaycanın mədəniyyət paytaxtında  keçiriləcək qeyri-rəsmi görüşündə  bu tarixə yazılacaq Şuşa səhifəsi daha möhtəşəm, yaddaqalan olacaq

2009-cu ildə  Türkdilli  Ölkələrin Dövlət Başçılarının Naxçıvanda keçirilən  IX Zirvə toplantısında  təməli qoyulan,  strateji tərəfdaşlığın  faydasını « Biz bilirik ki,  beynəlxalq müstəvidə  öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də  asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə  möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü  olacaqdır» ifadəsi ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri  artıq perspektiv deyil, reallıqdır.  Dünyanın siyasi arenasında artıq   Türk Dövlətləri Təşkilatı (TDT) kimi fəaliyyətini davam etdirən,  mövqeyi möhkəmlənən, beynəlxalq  münasibətlər sistemində baş verən qlobal proseslərə təsir imkanları artan  bu qurum qarşısıalınmaz güc mərkəzi kimi  tanınır.  Bu mərkəzin aparıcı gücü, düşünən beyni Türkiyə - Azərbaycan qardaşlığıdır.  İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycanla bir olduğunu siyasi, hərbi, mənəvi dəstəyi ilə bildirən,   torpaqlarımızın işğaldan azad olunmasında, Ermənistan üzərində Zəfərimizin qazanılmasında Türkiyənin yardımını  yüksək dəyərləndirən dövlət başçımızın vurğuladığı kimi, bu dəstək Azərbaycan xalqına əlavə güc verdi. Bakının Azadlıq meydanında  «Dəmir yumruq» əməliyyatının Qələbə müjdəsi olan hərbi  paradı   türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğan ilə birgə izləyən Prezident İlham Əliyevin qürurla ifadə etdiyi   kimi,  Zəfərimizin hər iki xalq tərəfindən təntənə ilə qeyd edilməsi  bu qardaşlığın  əbədiyyət, yenilməzlik simvolu  idi. Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsi ilə strateji tərəfdaşlığın   keyfiyyətcə yeni mərhələsinə qədəm qoyan  hər iki qardaş ölkə dünyanın enerji, nəqliyyat xəritələrini dəyişən qlobal layihələrin müəllifləri kimi  yeniliklərə birgə imza atdılar. Bu gün beynəlxalq müstəvidə aktual olan  Zəngəzur dəhlizinin açılması ilə bağlı  Bəyannamədə çox aydın ifadələrin  yer alması bu dəhlizin bərpasına mane olanların cəhdlərini iflasa  uyğradır  .  Prezident İlham Əliyevin «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Şuşa Bəyannaməsində bu məsələnin əks olunması böyük məna daşıyır» sözləri  dəhlizlə bağlı revanşist çağırışlar səsləndirən  Ermənistan kimi onun havadarlarının da yuxusunu ərşə çəkib.
TDT-nin Səmərqənddə keçirilən   IX Zirvə Görüşündəki çıxışında Azərbaycanla Türkiyənin regionda sülhün təminatındakı rolunu, birgə fəaliyyət nəticəsində  gerçəkləşən enerji və nəqliyyat layihələrinin Avropa üçün  əhəmiyyətini qeyd edən, Cənub Qaz Dəhlizini təbii qaz kəmərlərinin  dördüncü arteriyası adlandıran, Türk dünyasının təkcə müstəqil türk dövlətlərindən ibarət olmadığını,  cografi sərhədlərinin genişləndiyini qətiyyətlə  söyləyən  Prezident İlham Əliyev türkçülüyün sarsılmazlıq ideyasını əbədiyyət rəmzi kimi dəyərləndirir. Bu həmrəyliyin dünya ictimaiyyətinə mesajı  qardaş Türkiyədə baş verən, «əsrin fəlakəti» adlandırılan dəhşətli zəlzələdən zərər çəkən qardaş ölkəyə bütün istiqamətlər üzrə  dəstək göstərən TDT üzvlərinin birliyi oldu.  «Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq» söyləyən Prezident İlham Əliyevin təşəbbüsü ilə   bir yumruq kimi birləşən türk dövlətləri  qardaş ölkədə  zərər çəkənlərə qardaş köməyini əsirgəmədi.

Ankarada keçirilən Türk  Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü qardaşlıq, həmrəylik nümunəsi kimi  tarixə yazıldı.  Faydalı, beynəlxalq və  regional əhəmiyyətli təşəbbüsləri , çağırışları ilə fərqlənən,  Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürən Prezident İlham Əliyev bu dəfə də  öndərliyini göstərdi. Şuşada keçirilməsi nəzərdə tutulan  Zirvə Görüşünün dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə   baş vermiş dəhşətli zəlzələdən əziyyət çəkən Türkiyədə keçirilməsi   qardaş ölkəyə siyasi, mənəvi dəstək idi. Bu görüş TDT-nin beynəlxalq ictimaiyyətə türk birliyinin  sarsılmazlıq nümünəsi, qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi oldu.  Bütün dünya bir həqiqətə  şahidlik etdi: «Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım»” mövzusuna həsr olunan,  qardaş ölkə ilə birlik  nümunəsi olan Zirvə Görüşü  TDT daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına yönələn həmrəylik  platformasıdır.  

Prezident Rəcəb Tayyib Ərdoğanın Fövqəladə  Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə həmkarı  İlham Əliyevə ünvanladığı «Qardaşlığın təzahürü olan bu Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə İlham qardaşıma və onun şəxsində Can Azərbaycana bir daha təşəkkürümü bildirirəm» sözləri qardaş sevgisinin, etimadının təzahürü idi.   Zirvə Görüşündə  Ankara Bəyannaməsi qəbul olundu , mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalandı. «Türk Dünyasına Baxış: 2040»” sənədinə uyğun olaraq TDT regionunda və dünyada təbii fəlakətlərin qarşısının alınması, cavab verilməsi və aradan qaldırılması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığın və koordinasiyanın zəruriliyi ilə bağlı vəzifələr müəyyənləşdirildi.  Bəyannamədə  türk dövlətlərinin əldə etdiyi böyük siyasi, iqtisadi və sosial-mədəni tərəqqi yüksək qiymətləndirildi. Regional və beynəlxalq forumlarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanlar diqqətə çatdırıldı. Fəlakətdən sonrakı ehtiyacların qiymətləndirilməsi, dağıntılara məruz qalmış bölgələrin bərpası və yenidən qurulması prosesində Türkiyəyə dəstəyin davam etdiriləcəyi bildirildi. Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin, Özbəkistanın dövlət başçılarının imzaladıqları Bəyannamədə nəzərdə tutulan  vəzifələrin birgə  icrası üçün əlaqələndirmə istiqamətləri  təsdiqləndi. Tarixi sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət,  təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması,  hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin,  müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda göstərilməsi «Türkün türkdən başqa dostu yoxdur!» hikmətinin açıqlaması idi.     « Müdafiə sənayesi sahəsindəki əlaqələrimiz bundan sonra daha da fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə bir istehsal mərkəzi olmaq imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür» söyləyən cənab Rəcəb Tayyib  Ərdoğanın sözlərindəki həqiqət  də bu qardaşlıq sayəsində doğruldu. Türkiyənin Kahramanmaraş şəhərində ölkəmizin  dəstəyi  ilə inşa olunan «Azərbaycan məhəlləsi»  «əsrin fəlakəti»nin yaratdığı acı nəticələrin aradan qaldırılmasında Türkiyəyə qardaşlıq dəstəyidir. Tükənməz, sarsılmaz güc olan TDT-nin  Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü XXI əsrin Türk əsri olacağı barədə verilən proqnozları təsdiqləyir.  Reallıq budur ki, 200 milyondan artıq türk xalqlarını birləşdirən, tarixlərin sınağından çıxan bu  qardaşlıq əbədidir, sarsılmazdır, yenilməzdir.  .

Türkiyəni, Azərbaycanı, Qazaxıstanı, Özbəkistanı, Türkmənistanı, Qırğızıstanı, Macarıstanı vahid platformada birləşdirən  TDT-yə
Şimali Kipr Türk Cümhuriyyətinin də qoşulması ilə bağlı  təklifin gerçəkləşməsi ilə  təşkilat daha da güclənəcək.  Bu yaxınlarda   qardaş Türkiyəyə baş tutan uğurlu səfəri çərçivəsində  Ankarada  bəyanatla çıxış edən  Türkiyə  və Azərbaycan prezidentləri  Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev   Türk Dövlətləri Təşkilatını  vahid ailə kimi səciyyələndiriblər.
«Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır”» söyləyən Prezident İlham Əliyev  TDT-nin qeyri-rəsmi  Zirvə görüşünün  tarixləri yaşadan  Şuşada keçirilməsini birliyimizin ifadəsi  adlandırmdı.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi naminə göstərilən   səylər uğurla nəticələnir.

Xatırladaq ki,  Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi barədə qərar 2023-cü il noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının «Türk Əsri»” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul olunub. Həmin toplantıda qəbul olunmuş Bəyannamədə Şuşada təşkil olunacaq Zirvə görüşü ilə bağlı ayrıca müddəa yer alıb. Ənənəyə görə, qeyri-formal görüşlər hər cür rəsmiyyətdən uzaq daha səmimi aurada keçir. Belə görüşlərdə iştirakçıların hər biri öz mövqeyini ifadə etməkdə tam sərbəstdir. TDT-nın Şuşada baş tutacaq Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də dəvət olunması  yenilməz birliyə  əlavə gücün qatılması deməkdir. Prezident İlham Əliyevin bu il iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul etdiyi zaman söylədiyi «O ki qaldı, Şimali Kipr Türk Cümhuriyyətinin tamhüquqlu üzvə çevrilməsinə, Azərbaycan olaraq biz bunu dəstəkləyirik. Bu, təbii olar. Şimali Kipr Türk Cümhuriyyəti tarix nöqteyi-nəzərdən türk dünyasının bir parçasıdır. Orada yaşayan türklər bizim qardaşlarımızdır» sözləri türk birliyinin sarsılmazlıq simvoludur.

Türk dövlətləri tarixində on birinci  mədəniyyət paytaxtı olan Şuşa  yenə də təmtərağı ,  heyranedici görünüşü ilə qonaqlarını heyrətləndirəcək.

«Xarıbülbül» festivallarının,  Vaqif Poeziya günlərinin sevincini yaşayan bu qədim diyar türk dünyasının siyasi, mədəni irsinə şahidlik edəcək.  Respublikanın Birinci vitse- prezidenti Mehriban xanım  Əliyevanın təşəbbüsü,  onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə mədəniyyətləri birləşdirən müxtəlif tədbirldərə ev sahibliyi edən  Şuşa yenə də bütün dünyanın diqqət mərkəzindədir.  2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşanın  önəmi təkcə bu dəyərlə  məhdudlaşmır.  Beynəlxalq əhəmiyyətli  tədbirlərə ev sahibliyi edən,  Müttəfiqlik Bəyannaməsinin imzalanması ilə TDT-in kollektiv təhlükəsizliyinin əsası qoyulan Şuşa türk dünyasının alınmaz qalasıdır. Prezident İlham Əliyevin bu təşkilatla bağlı apardığı iş, irəli sürdüyü ideyalar qurumun gələcək inkişaf trayektoriyasının etibarlı bələdçisidir. Heç vaxt ədavət, düşmənçilik və qisasçılığı özləri üçün hədəf  seçməyən türkçülüyün   qardaşlıq, birlik, həmrəyliyi  müasir dünyamızın  dəstəklənən  qalib  ideyasıdır. Şuşa bu ideyaya sadiq  insanları növbəti dəfə birləşdirəcək.

Xuraman İsmayılqızı, «İki sahil»