Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanla Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında keçirilən görüş Cənubi Qafqazda sabitliyin təminatına, tərəflər arasında sülh sazişinin imzalanmasına inamı artırır
Dünyanın ən qüdrətli 50 ordusu arasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin etibarlı müdafiə qüdrətinə malik olduğu İkinci Qarabağ müharibəsində təsdiqləndi. Bu baxımdan ən güclü, siyasi –hərbi təşkilat olan NATO-nun (North Atlantic Treaty Organization) Cənubi Qafqazın siyasi, iqtisadi qüdrəti ilə seçilən ölkəmizlə əməkdaşlıqda maraqlı olması təbiidir. NATO ilə Azərbaycan arasında uğurla davam etdirilən əməkdaşlığın əsas prinsipləri dünyada və regionda sabitliyin təminatı, beynəlxalq terrorizmə qarşı mübarizənin gücləndirilməsidir. ABŞ və Avropanın bir neçə dövlətini birləşdirən NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels, Vaşinqton Zirvə görüşlərində, nüvə təhlükəsizliyi məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münxen Təhlükəsizlik Konfransında təmsil olunan Azərbaycanın təşkilatla əməkdaşlığı qarşılıqlı anlaşma şəraitində inkişaf edir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hərbi qüdrətimizin artması və xarici siyasətimizin möhkəmləndirilməsi məqsədi ilə atdığı uzaqgörən addımlardan biri məhz Şimali Atlantika Alyansı ilə əlaqələri dərinləşdirmək oldu. 1994-cü il mayın 4-də Belçika Krallığının Brüssel şəhərində NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» Proqramının Çərçivə Sazişinin imzalanması ilə Azərbaycan-NATO münasibətlərinin beynəlxalq müstəvidə təməli qoyuldu.
NATO PA-nın «Cənubi Qafqaz: Çağırışlar və imkanlar» mövzusunda 86-cı Rouz-Rout seminarının Bakıda keçirilməsi də ölkəmizə önəmli tərəfdaş kimi verilən xüsusi dəyər idi. Şimali Atlantika Alyansına daxil olan ölkələrlə qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olan Azərbaycan NATO-nun tədbirlərində iştirak edərək ordu quruculuğu sahəsində mühüm nailiyyətlər qazanır. Hərbçilərimiz münaqişə bölgələrində, sülhməramlı əməliyyatlarda fəal iştirak edir, beynəlxalq sülhün və sabitliyin bərqərar olunmasına töhfələr verir. Azərbaycan sülhməramlıları NATO-nun «Qətiyyətli Dəstək” qeyri-döyüş missiyası» çərçivəsində Əfqanıstanda vəzifələrini şərəflə yerinə yetirib. «Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir» sözləri ilə Şimali Atlantika Alyansı ilə əməkdaşlığa böyük önəm verdiyini bildirən Prezident İlham Əliyev ölkəmizin bundan sonra da qurumla birgə fəaliyyət prinsipinə sadiq qalacağını diqqtə çatdırıb.
.NATO-ya üzv dövlətlərin iştirakı ilə keçirilən zirvə görüşlərində artıq tarixə qovuşmuş « Dağlıq Qarağağ münaqişəsinin» davam etdiyi 30 ildə Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini və müstəqilliyini dəstəkləyən, kommunike, bəyanatlar qəbul edən təşkilatla əməkdaşlıq daim sağlam münasibətlər əsasında inkişaf edir. Dünyada sülhün , əmin-amanlığın təminatına xidmət edən, qlobal beynəlxalq layihələrin təşəbbüskarı olan Azərbaycan NATO ilə əməkdaşlığı çərçivəsində vədinə sadiqliyini terrora qarşı birgə mübarizə sahəsində də doğruldur. Qurumun təmsilçiləri dəfələrlə bildirmişlər ki, XXI əsrdə qloballaşan dünyada təhlükəsizlik çağırışlarına dəstək göstərən rəsmi Bakı ilə əməkdaşlıqda israrlıyıq, dialoqumuzun və əlaqələrimizin güclü çərçivəsi vardır.
NATO-nun ən güclü üzvü olan ABŞ Dövlət Departamentinin açıqlamalarında qeyd edildiyi kimi, Azərbaycan ölkənin quru və dəniz yolları ilə insan, pul və mal daşınmasına yönəlmiş terrorçuluq fəaliyyətinin, orqan mafiyasının çirkli əməllərinin aşkar edilməsində və qarşısının alınmasında fəallığını artırır. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısının alınması, kiber cinayət törədənlərin izlənməsi və həbsi ilə bağlı əməliyyatları müvəffəqiyyətlə davam etdirir.
Ötən illər ərzində Azərbaycan Ordusu NATO-nun müvafiq proqramına əsasən təhlil, təhsil, təlim, sülhyaratma missiyaları sferasında müvəffəqiyyətlə iştirak etmiş və böyük hazırlıq nümayiş etdirmişdir. Ümumiyyətlə, ölkəmiz NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal şəkildə istifadə edir və mühüm sənədlərdə öz əksini tapmış məqsəd və prinsiplərin yerinə yetirilməsində məqsəd və məramını açıq şəkildə bəyan edir. Sülhü dəstəkləmə missiyalarına öz töhfəsini verir.
Dünya dövlətləri və xalqları ilə sülh, əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verən, beynəlxalq hüquq subyekti kimi qonşu dövlətlərlə birlik və bərabərlik, sadiqlik prinsipinə hər zaman hörmətlə yanaşan ölkəmiz regionda sabitliyin qorunub saxlanmasında, təhlükəsizliyin təmin olunmasında və bunun üçün nüfuzlu ölkə və beynəlxalq təşkilatlar ilə əlaqələrin qurulub möhkəmlənməsində maraqlı olduğunu əməli ilə sübut edir. Çoxşaxəli xarici strategiya prinsiplərinə uyğun fəaliyyətini uğurla davam etdirən Azərbaycan hər zaman beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəlikləri, o cümlədən, əməkdaşlıq və tərəfdaşlıq missiyalarını layiqincə yerinə yetirir.
İkinci Qarabağ müharibəsində Ermənistan üzərində Qələbə çalaraq torpaqlarımızı işğaldan azad edən, hərbi hazırlığı, müdafiə qüdrəti NATO standartlarına cavab verən Silahlı Qüvvələrimizin rəşadətinin beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək dəyərləndirilməsi, Milli Ordumuzun döyüş taktikasının və bacarığının dünyanın tanınmış hərbi məktəblərində tədris edilməsi NATO- Azərbaycan əməkdaşlığının məntiqi nəticəsidir.
Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanınla Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında keçirilən görüş Cənubi Qafqazda sabitliyin təminatına, tərəflər arasında sülh sazişinin imzalanmasına inamı artıtır. Görüşdə Azərbaycanla Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyiş diqqətə çatdırılaraq bu istiqamətdə fəaliyyətin davam etdirilməsi tövsiyə olunub. Görüşün təşəbbüskarı ABŞ Dövlət katibi Antoni Blinkenin «Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bir yerdə olmaqdan çox məmnunam» sözləri tərəfləri sülhə çağırış mesajı kimi sülhə etimadı artırır. Dövlət katibi bildirib ki, Azərbaycanla Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər: «ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-ın razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq.»
ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilir ki, görüşdə dövlət katibi dayanıqlı və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyiş barədə müzakirə aparıb və tərəfləri mümkün qədər tez bir zamanda sülh sazişinin imzalanması ilə bağlı razılaşmanı yekunlaşdırmaq üçün inamlı addımlar atmağı tövsiyə edib. Cənubi Qafqaz regionunun fayda əldə edəcəyi regional bağlantının inkişafında sülhün əldə olunmasının vacibliyi qeyd edilib.
Türkiyənin aparıcı elektron və çap mediasında, eləcə də, telekanallarında Vaşinqton görüşü, Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində irəliləyişlərə siyasi gündəmin əsas , aktual mövzusu kimi, diqqət yetirilib. Xarici işlər nazirlərinin görüşünün yekunlarına dair Bəyanatdan gətirilən sitatlar Cənubi Qafqazda «sülhə doğru tarixi addım”» adlandırılır.
Beynəlxalq ictimaiyyətin diqqətində olan Vaşinqton görüşü ilə bağlı Almaniyanın xarici işlər naziri Annalena Berbokla müzakirə aparan ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunmuş irəliləyişləri tərəflər arasında etimad kimi dəyərləndirərək, razılaşmanın tez bir zamanda yekunlaşmasını Cənubi Qazqaz regionu üçün önəmli adlandırıb. «Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq» sözləri ilə bölgədə sabitliyə doğru atılan addımları, irəli sürülən təşəbbüsləri yüksək dəyərləndirən Prezident İlham Əliyevin sülhə əminlik ifadə edən sözlərini reallaşdıracaq Vaşinqton görüşünün müsbət nəticələrinə inam artmaqdadır.
Xuraman İsmayılqızı, «İki sahil»