COP29 kiçik ada ölkələri üçün mühüm məsələlərin həllində dönüş nöqtəsi olacaq
Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib. Təkcə bir faktı xatırladaq ki, pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Keçən ilin mart ayında isə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan edib. Dövlətimizin başçısı bu çağırışla beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət edib. Ölkəmiz bu çağırışa vəsait ayıran ilk ölkə olub.
Prezident İlham Əliyev, həmçinn BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz zamanı iqlim dəyişikliyinin İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həllinin prioritetlərimiz arasında olacağını da bəyan edərək bildirib ki, biz Bakıda keçiriləcək COP zamanı İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısını keçirməyi planlaşdırırıq. Prezidenti İlham Əliyevin may ayında inkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində deyilirdi ki, Azərbaycan öz növbəsində artıq bir sıra İnkişaf etməkdə olan kiçik ada dövlətlərində qasırğaların, zəlzələlərin, daşqınların və digər təbii fəlakətlərin törətdiyi fəsadların aradan qaldırılmasına öz dəstəyini göstərməkdədir: “Biz bu ölkələrə yardım etmək üçün əməli addımlar atmağa davam edəcəyik. Azərbaycan 33 İnkişaf etməkdə olan kiçik ada dövlətinin təmsil olunduğu Millətlər Birliyi, o cümlədən digər beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait ayıracaq. Biz, həmçinin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd imkanlarını genişləndirəcəyik”.
Yeri gəlmişkən qeyd edək ki, Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edərkən COP29-un kiçik ada ölkələri üçün mühüm məsələlərin həllində dönüş nöqtəsi olacağı xüsusi vurğulanıb.
“Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur” deyən və onlara dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edildiyini vurğulayan Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında bir daha bu məsələni gündəmə gətirib.
Bütün bunlar bir daha təsdiq edir ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri Azərbaycanın diqqət mərkəzindədir. Prezident İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edərkən Azərbaycanın yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışmaqla yanaşı, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını da bildirib. Yeri gəlmişkən qeyd edək ki, bu tədbirdə iştirak edəcəyini bir daha vurğulayan Helqa Mariya Şmid COP29 çərçivəsində ölkəmizlə ATƏT arasında yaxından əməkdaşlığın həyata keçirildiyini deyib.
Söhbət zamanı regional sülh gündəliyi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğulayıb və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişikliklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyini bir daha diqqətə çatdırıb.
Qvami Məhəbbətoğlu, “İki sahil”