24 iyul 2024 23:25
336

Bakıda keçiriləcək COP29-da proses irəliyə doğru aparılmalıdır - Saymon Stil

“Gənclərin iqlim dəyişmələri ilə mübarizənin daha da fəallaşmasında rolu böyükdür. Mən iqlim böhranının qarşısının alınması səlahiyyətinə malik yeganə qlobal hökumətlərarası bir prosesi təmsil edirəm. Bu gün gördüyümüz işlər - bəzi ləng və çox mürəkkəb proseslər bütün dünyanın üzləşdiyi iqlim probleminin qarşısını almağa xidmət edir”.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Qoşulmama Hərəkatının Gənclər Təşkilatının mənzil qərargahında keçirilən görüşdə deyib.

“Gənclərimizin enerjisi, yaradıcılığı, ideyaları, prosesə sadiqliyi məni daima heyran edir. Mən açıq şəkildə bildirmişəm ki, Katibliyin mandatı çərçivəsində gənclərin prosesə fəal şəkildə qoşulmasını dəstəkləmək üçün lazım olan hər bir şeyi edəcəyəm. Çünki gənclərin səsi də əhəmiyyətlidir. Səsləriniz nə qədər çox eşidilərsə, iqlim dəyişmələri ilə mübarizə fəaliyyəti də bir o qədər sürətlənər”, - deyə o bildirib.

Dubayda keçirilən COP28-in böyük gözləntilər yaratdığını deyən S.Stil 2030-cu ilə qədər həmin gözləntilərin müəyyən hissəsinin həyata keçirildiyini görmək istədiklərini qeyd edib. Bildirilib ki, Bakıda keçiriləcək COP29-da proses irəliyə doğru aparılmalıdır: “İqlim maliyyəsi COP29-un əsas mövzusudur və Azərbaycanın sədrliyindən bunu dəstəkləmək və asanlaşdırmaq, 198 ölkənin yeni maliyyə hədəfinin necə olması ilə bağlı razılığa gəlməsi tələb olunur. Həmçinin bu il nəyin işlənib hazırlanacağı və gələn il Braziliyada nələrin təqdim ediləcəyi iqlim planlarının yeni mərhələsidir. Bütün bu planlara milli səviyyədə müəyyən edilmiş tədbirlər də daxildir. Emissiyaları 2030-cu ilə qədər iki dəfə, yəni 43 faiz, 2035-ci ilə qədər isə 60 faiz azaltmalıyıq. COP28, COP29 və COP30 bir araya gələrək harada olduğumuzu müəyyənləşdirməyi, istiqamətin düzəldilməsini və bu iddialı, lakin zəruri hədəflərə çatmağı tələb edir. Tərəflərin hər birinin, COP sədrliyinin və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi olaraq bizim də öz məsuliyyətimiz mövcuddur”.