26 iyul 2024 15:22
248

Oksford tələbələrinin "ASAN xidmət"dəki təcrübə proqramı başa çatıb

Oksford Universitetinin tələbələri üçün “ASAN xidmət”də reallaşdırılan Yay Təcrübə Proqramı başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən "İki sahil"ə bildirilib ki, proqramın məqsədi nüfuzlu universitetlərdə dövlət xidmətləri və dövlət idarəetməsi sahəsində “ASAN xidmət” təcrübəsi əsasında elmi işlərin hazırlanmasıdır.

Bununla əlaqədar təşkil olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov tələbələri proqramı uğurla başa vurmaları ilə əlaqədar təbrik edib. Proqramın iştirakçıları öz növbəsində Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edib, yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Yay Təcrübə Proqramı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Oksford Universitetinin Blavatnik İdarəçilik Məktəbi arasında həyata keçirilən uğurlu əməkdaşlıq çərçivəsində baş tutub. 6 həftəlik müddətdə Oksford Universitetinin 3 tələbəsi Dövlət Agentliyinin müxtəlif struktur bölmələrində və “ASAN xidmət” mərkəzlərində təcrübə keçib.