26 iyul 2024 15:53
293

BMU-da Əlcəzairin Naama Universitet Mərkəzinin rektoru ilə görüş keçirilib

Əlcəzair Xalq Demokratik Respublikasının Naama Universitet Mərkəzinin rektoru Səfi Həbib Bakı Mühəndislik Universitetində (BMU) olub.

BMU-dan "İki sahil"ə bildirilib ki, tanışlıq və əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə təşkil olunan görüşdə rektor Yaqub Piriyev qonağa universitet haqqında məlumat verib. Rektor ali təhsilin bütün səviyyələrində kadr hazırlayan BMU-da yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün gerçəkləşdirilən yenilikləri diqqətə çatdırıb, eyni zamanda, universitetin beynəlxalq əlaqələrinə, “QS Avropa 2025” kimi nüfuzlu reytinq cədvəllərində uğurlu nəticələr əldə etməsinə toxunub.

Naama Universitet Mərkəzinin rektoru Səfi Həbib təmsil etdiyi təhsil ocağı haqqında məlumat verib, BMU ilə əlaqələrin inkişaf etdirilməsinə maraqlı olduqlarını vurğulayaraq gələcək əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.

Tərəfləri maraqlandıran konkret istiqamətlər üzrə geniş fikir mübadiləsindən sonra Səfi Həbib BMU-nun kampusu, Texnoparkı, həmçinin İnformasiya və kommunikasiya texnologiyaları, Kimya və Mexanika laboratoriyaları ilə tanış olub, burada yaradılan innovativ mühiti, eləcə də maddi-texniki bazanı yüksək qiymətləndirib.

Sonda BMU və Naama Universitet Mərkəzi arasında əməkdaşlığın həyata keçirilməsi üçün müvafiq addımların atılması qərara alınıb.