26 iyul 2024 16:16
250

Din xadimlərinə icbari tibbi sığortanın üstünlükləri haqqında məlumat verilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maarifləndirmə kampaniyasına din xadimləri də cəlb olunub.

Agentliyin mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin dəstəyi ilə 120 din xadiminin cəlb olunduğu 3 görüş təşkil olunub. Din xadimlərinə icbari tibbi sığortanın üstünlükləri haqqında ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb və sığorta sisteminin əhəmiyyəti vurğulanıb. Onlardan əhalinin sağlamlığının qorunması, vətəndaşların icbari tibbi sığortanın xidmətlərindən faydalanmasını təmin etmək məqsədilə moizələrində bu məsələlərə yer ayırmaları, məlumatlandırmanın geniş miqyasda aparılmasına dəstək göstərmələri rica edilib.

Maarifləndirmə tədbirlərinin keçirilməsində mühüm rol oynayan Agentliyin filial rəhbərləri ilə aparılan qarşılıqlı fikir mübadiləsi nəticəsində sığorta barədə əhalinin düzgün və dolğun şəkildə məlumatlandırılması üçün yeni metod və vasitələr dərindən təhlil edilərək praktiki təkliflər irəli sürülüb. Bu növ müzakirələr və təhlillər maarifləndirmə tədbirlərinin daha səmərəli və effektiv olmasına xidmət edir.

Bildirilib ki, Bakı şəhərində açıq məkanlarda, Bakı Metropoliteninin stansiyalarında, “ASAN xidmət” və “ASAN kommunal”, eləcə də DOST mərkəzlərində, Dövlət Sosial Müdafiə Fondunda, Bakı Regional Məşğulluq Agentliyində, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində və tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları ilə bağlı ümumilikdə 214 vizual material yayımlanıb. Əməkdaşlıq çərçivəsində, həmçinin “ASAN Radio”, DSMF, DOST Agentliyi və Dövlət Məşğulluq Agentliyinin sosial media hesablarında icbari tibbi sığorta ilə bağlı maarifləndirici postlar paylaşılıb.

Digər maarifləndirmə kanalları vasitəsilə həyata keçirilən tədbirlərə gəldikdə isə mediadan daxil olan 176 sorğunun 168-i cavablandırılıb, digərləri isə aidiyyəti üzrə yönləndirilib. Agentliyin sosial media hesablarında icbari tibbi sığorta ilə bağlı 1542 post paylaşılıb, istifadəçilərin göndərdiyi 2205 sorğu dolğun şəkildə cavablandırılıb.

Qeyd edək ki, strategiyaya əsasən əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər planlı şəkildə davam etdirilir.

İcbari tibbi sığorta ilə bağlı əməkdaşların məlumatlılığını artırmaq istəyən qurumlar təlimlərin təşkili üçün [email protected] ünvanına müraciət edə bilərlər.