27 iyul 2024 16:53
302

Tramp sui-qəsdə məruz qaldığı Pensilvaniyada növbəti mitinq keçirəcək

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp iyulun 13-də sui-qəsd nəticəsində yaralandığı Pensilvaniyada yenidən mitinq keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə D.Tramp sosial media hesabında məlumat verib.

Sabiq dövlət başçısı qeyd edib ki, təşviqat mitinqi ştatın Butler şəhərində keçiriləcək: “Qəhrəman yanğınsöndürən Kori və yaralanan cəsur vətənpərvərləri şərəfləndirəcək böyük, gözəl mitinq üçün Pensilvaniya ştatının Butler şəhərinə qayıdacağam”. Mitinqin tarixi ilə bağlı məlumat paylaşmayan Tramp yazıb: “Mübarizə, Mübarizə, Mübarizə! Detallar üçün bizi izləyin”.

Xatırladaq ki, Tramp iyulun 13-də Pensilvaniya ştatında seçki mitinqində çıxış edərkən silahlı hücuma məruz qalıb və sağ qulağından yaralanıb. Mitinqə qatılan yanğınsöndürən Kori Comperatore hücumda ölüb, 2 nəfər yaralanıb, ABŞ Gizli Xidməti isə 20 yaşlı cinayətkar Tomas Metyu Kruksu hadisə yerində öldürüb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”