30 iyul 2024 01:24
454

Dünyada uşaq ölümlərinin sayı niyə artıb?

Dünya üzrə gündəlik olaraq 2000-ə yaxın uşaq havanın çirklənməsinin yaratdığı sağlamlıq problemləri səbəbindən həyatını itirir.

ABŞ-da yerləşən Sağlamlıq Effektləri İnstitutunun hesabatına görə, havanın çirklənməsinə məruz qalma 2021-ci ildə 8,1 milyon insanın ölümünə səbəb olub ki, bu da bütün ölüm hallarının təxminən 12%-ni təşkil edib.

Bu o deməkdir ki, hava çirkliliyi tütün istifadəsini və düzgün olmayan pəhrizi üstələyərək yalnız yüksək qan təzyiqindən sonra erkən ölüm üçün ikinci aparıcı risk faktoruna çevrilib.

Kiçik uşaqlar havanın çirklənməsinə xüsusilə həssasdırlar və sözügedən  institut Qlobal Havanın Vəziyyəti haqqında illik hesabatı üçün BMT-nin Uşaq Fondu UNICEF ilə əməkdaşlıq edir.

Hesabatda havanın çirklənməsinin beş yaşından kiçik 700 mindən çox uşağın ölümünə səbəb olduğu bildirilir.

Bu ölümlərin 500 mindən çoxu, əsasən Afrika və Asiyada kömür, odun və ya peyin kimi çirkli yanacaqlardan istifadə edərək qapalı şəraitdə yemək bişirməklə bağlı olub.

Gələcək nəsillərə dərin təsirlər

Hesabata görə, dünyada demək olar ki, hər bir insan hər gün qeyri-sağlam hava ilə nəfəs alır.

Ölümlərin 90%-dən çoxunun 2,5 mikrometr və ya daha az ölçüdə olan PM2.5 adlı kiçik hava çirkləndiriciləri ilə əlaqəli olduğu aşkar olunub. PM2.5 inhalyasiyasının ağciyər xərçəngi, ürək xəstəliyi, insult, diabet və bir sıra digər sağlamlıq problemləri riskini artırdığı məlumdur.

Hesabat bu cür xəstəliklərin nisbətini havanın çirklənmə səviyyəsi ilə əlaqələndirmək məqsədi daşıyır. "Dünyanın bir çox yerlərində bilən meşə yanğınları, toz fırtınaları və ya həddindən artıq istilər kimi hadisələr zamanı getdikcə çox intensiv hava çirklənməsi epizodları müşahidə olunur", -deyə institutun qlobal sağlamlıq üzrə direktoru Pallavi Pant bildirib. İki milyarddan çox insan zərərli tüstüdən nəfəs alaraq sobalarda və ya açıq odda yemək bişirir.

Hesabatda deyilir ki, qismən daha təmiz sobalara çıxış imkanları səbəbindən havanın çirklənməsi ilə bağlı problemlərdən ölən kiçik uşaqların nisbəti 2000-ci ildən bəri 50%-dən çox azalıb.

May ayında Beynəlxalq Enerji Agentliyi daha az ölümcül yemək bişirmə üsullarına çıxışı yaxşılaşdırmaq üçün hökumətlər və şirkətlər tərəfindən 2,2 milyard dollar vəd edildiyini bildirmişdi.

"Hər gün 5 yaşa qədər təxminən 2000 uşaq havanın çirklənməsinin sağlamlığa təsirləri səbəbindən ölür", - “UNICEF”in nümayəndəsi Kitti van der Heijden dəhşətə gələrək açıqlayıb.

Nubar Süleymanova, “İki sahil”