30 iyul 2024 09:16
664

Dina Titus “sanksiya” oyununu davam etdirir

Azərbaycan–ABŞ münasibətlərində hər zaman pozuculuqla məşğul olan ermənipərəst konqresmenlər yenə fəallaşıblar. Bu dəfə erməni diaspor təşkilatının fəal lobbiçisi hesab olunan ABŞ Konqresinin Nümayən­dələr Palatasının üzvü Dina Titus ermənidən betər ermən olduğunu bir daha təsdiqləməyə çalışıb. Bəli, bu, həmin Dina Titusdur ki, bir neçə ay öncə  guya insan hüquqlarının pozulmasını əsas tutaraq 44 azərbaycanlı məmura, zabitə, hakimə qarşı sanksiya tələbi ilə çıxış etmişdi. Dina Titus həmin qondarma siyahıya İkinci Qarabağ savaşında misilsiz xidmətləri olan, hətta ermənilərin kabusuna çevirlən Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Hikmət Mirzəyevin adını da salmışdı.  Şübhəsiz, bu ad hər şeydən əvvəl “erməni lobbisinin yanğısı”nı əks etdirirdi. Yeri gəlmişkən, 44 rəqəminin seçilməsi də təsadüfi deyildi. Belə ki, Dina Titus  44 rəqəmi ilə 44 günlük müharibədə Azərbaycanın hələ də həzm edə bilmədiyi Zəfərinə işarə vurmuşdu. O, həmçinin guya Azərbaycanda insan, eləcə də erməni əsirlərin hüquqlarının pozulduğunu da iddia etmişdi.

Bu dəfə  Dina Titus özünün so­sial şəbəkə hesabında yazıb ki, guya “artsax” ermənilərinə “hücumdan” sonra Azərbaycan bir çox yüksək rüt­bəli erməni məmurunu həbsdə saxlayıb iş­gəncə verməkdə davam edir. Hətta qondarma “artsax rəhbərləri”nin Bakıda həbsdə saxlanılmasını beynəlxalq hüququn  pozulması kimi qələmə verməyə çalışan amerikalı siyasətçi utanıb-qızarmadan bildirib ki, Konqres beynəlxalq hüququ pozduğuna görə Azərbaycanın məsuliyyətə cəlb edilməsi, ölkəmizə qarşı sanksiyalara yenidən baxılması üçün qanun layihəsi qəbul etməlidir.

Əvvəla, erməni lobbisinin əlində alətə çevrilən  Dina Titus  bilməlidir ki, hazırda ölkəmizdə heç bir nəfər erməni hərbi əsiri yoxdur. Müharibə cinayətləri törətmiş, əlləri soydaşlarımızın qanına batmış Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Levon Mnatsakanyan, David Manukyan, David Babayan, Ruben Vardanyan, Vaqif Xaçaturyan və Davit İşxanyanı kimi  separatçılar var ki, onlar da məhkəmənin hökmü ilə məsuliyyətə cəlb olunublar.  Olmaya, insan hüquqlarından dəm vuran Dina Titusin belə bir qanundan xəbəri yoxdur?

İkinci, həmin canilər  vaxtaşırı ailəsi ilə danışırlar.  Beynəlxalq Qırmızı Xaç Komitəsi mütəmadi onlara baş çəkir. İndiyədək həmin cinayətkarlar  saxlanma şəraitləri ilə bağlı bir dəfə də olsun şikayət etməyiblər. Bəs, bu xanım nəyə əsasən belə iddia edir? Amma görünən odur ki, erməni lobbisinin pulun­dan asılı olan Dina Titu nə yolla olursa-ol­sun, Azərbaycanı öz ərazi bütövlüyünü təmin etdiyi, Cənubi Qafqazda yeni reallıqlar yaratdığı üçün “cəzalandırmağa” çalışır. Yaxşı olardı ki, bu xanım illərlə Azərbaycana qarşı iftira və böhtanlara müəlliflik edən, artıq bu kimi əməllərinin arxasında korrusionerliyi, rüşvətxoruluğu dayandığı sübut olunan ermənipərəst senator  Bob Menendezi xatırlasın. Yəni,  Menendez kimi onun da arzusunun ürəyində qalacağı şəksizdir. Çünki rəsmi Bakı beynəlxalq qanunlar çərçivəsində hərəkət edir.

Xatırladaq ki, Bob Menendez Bakıya qarşı məkrli planların icrası prosesində daim fəal iştirakçı olub. Məsələn, o, Sena­tın xarici əlaqələr komitəsinin sədri kimi ­xunta rejiminin müdafiəsi üçün bütün vasitələrdən istifadə edib. Elə o zaman Menendezin və həyat yoldaşı, erməni əsilli Nadine Menendezlə birgə Kaliforniya­dakı erməni diasporundan böyük məb­ləğdə “ənam” aldığı  çoxlarına məlum idi. Məhkəmənin Menendezə  qar­şı irəli sürdüyü bütün ittihamların təs­diqlənməsi həm də deyilənlərin həqiqət olduğunun sübutudur.  Son məlumata görə,  bu ermənipərəst senatoru avqustun 20-si istefa ərizəsi yazacağı gözlənilir.

Yeri gəlmişkən qeyd edək ki, son günlər bu cinayətkarlara bağlı söhbətlər tükənmək bilmir. Məsələn, elə bu yaxınlarda Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti  Cozep Borrel, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, saxtakar Luis Moreno Okampo, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani, eləcə də   “Amnesty International”,  “Freedom House” təşkilatları həmin cinayətkarlardan tez-tez söz açırlar.  Şübhəsiz, onlara canfəşanlıq etmək istəyənlərin, o cümlədən sözügedən xanımın məqsədi noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Də­yişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) kölgə salmağa hesablanıb. Amma onlar şühbə etməsinlər ki, bu tədbirə ciddi hazırlaşan rəsmi Bakı COP-la bağlı yeni bir tarix yazmağı da bacaracaq. Artıq dünyanın tanınmış siyasətçiləri, eləcə də ictimai xadimləri Azərbaycanın sədrliyi ilə möhtəşəm COP29 tədbirinin şahidi olacaqlarını dəfələrlə dilə gətiriblər. Bütün bunlar onların Azərbaycana, onun sözü ilə əməlləri vəhdət təşkil edən Liderinə olan inamlarından irəli gəlir.

Qvami Məhəbbətoğlu, “İki sahil”