06 avqust 2024 02:56
503

Uşaqlarda iştahasızlığın psixoloji səbəbləri - Necə aradan qaldıraq?

Balanslı qidalanma uşaqların sağlam böyüməsi və inkişafı üçün son dərəcə vacibdir. Ancaq bir çox valideynlərin qarşılaşdığı ümumi problemlərdən biri uşaqlarda iştahın olmamasıdır. İştahsızlığın təkcə fiziki deyil, həm də psixoloji səbəbləri ola bilər. Xüsusilə uşaqlarda narahatlıq, kədər, nifrət və ya qısqanclıq kimi duyğular iştahsızlığa səbəb ola bilər. Ona görə də iştahı zəif olan uşaqda psixoloji problemin olub-olmadığı araşdırılmalıdır.

Mütəxəssis Klinik Psixoloq Kaan Üçyıldız mövzu ilə bağlı əhəmiyyətli məlumatlar verib. O, bildirib ki, bu emosional yorucu proseslərdən keçən və ya bu çətin proseslərdən keçmiş uşaqlarda tez-tez rast gəlinən bir vəziyyətdir.  İştahsızlığın psixoloji səbəblərini qiymətləndirərkən bir çox fərqli məqamları nəzərə almaq lazımdır. Ən çox rast gəlinən səbəblər aşağıdakı kimi sıralana bilər:

Stres və qayğı - Məktəbə başlamaq, ailədəki problemlər, dostluq münasibətlərindəki çətinliklər kimi stresli hallar uşağın iştahını azalda bilər. Narahatlıq yemək vərdişlərinə mənfi təsir göstərərək iştahsızlığa səbəb ola bilər.

Ailəvi münasibətlər - Valideyn-uşaq münasibətlərindəki gərginlik, yemək vaxtı mübahisələr və yeməklə bağlı təzyiqlər uşaqlarda qida müqavimətinin inkişafına səbəb ola bilər.

Ətraf mühitin təsiri - Yemək vaxtı televizora baxmaq və ya planşetdən istifadə etmək kimi diqqəti yayındıran amillər uşağın diqqətini yeməyə yönəltməsini çətinləşdirir və iştahını azalda bilər.

Emosianal əlaqə - Yemək təkcə fizioloji ehtiyac deyil, həm də ailə ilə emosional əlaqə qurmağın bir yoludur. Yemək vaxtlarının xoş və dinc olması uşaqları yeməyə həvəsləndirir.

Mükəmməlliyətçilik - Bəzi uşaqlar hər şeyi mükəmməl etməyə çalışırlar bu isə  yemək kimi gündəlik fəaliyyətlərdə belə özlərini uğursuz hiss etməyə səbəb ola bilər. Bu isə yeməkdən imtinaya və iştahsızlığa zəmin yaradır.

İştahsızlığı necə aradan qaldırmaq  olar?

İlk növbədə, uşağınız üçün sakit və rahat bir mühit yaratmalısınız. Yemək vaxtlarını stresssiz və zövqlü etmək lazımdır. Yeməkdə israrlı olmaq uşağın daha da müqavimət göstərməsinə səbəb ola bilər. Sağlam qidalanan valideyn olun və bu, uşağa yaxşı nümunə olacaq. Yemək zamanı seçim etmək şansı verin. Uşağınıza seçimlər vermək onun qidaya qarşı müqavimətini azalda bilər. Uşağınızı kiçik mükafatlarla motivasiya edə bilərsiniz. Bununla belə, yemək yeməyi mükafatla əlaqələndirməməyə diqqət edin.

Klinik Psixoloq Kaan Üçyıldız son olaraq qeyd edib: “Unutmayın! İştahsızlıq yalnız fiziki bir problem deyil, həm də uşağın emosional vəziyyətini əks etdirə bilər. Buna görə də, iştahsızlığın əsas səbəblərini anlamaq və uşağınız üçün uyğun həll yolları tapmaq üçün bir psixoloqla məsləhətləşməyiniz vacibdir”.

Nigar Orucova, “İki sahil”