05 avqust 2024 23:43
472

ÜST Afrikada meymunçiçəyi xəstəliyinə yoluxmanın artmasını beynəlxalq fövqəladə vəziyyət kimi qiymətləndirir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Afrikada artan “mpox” epidemiyasının beynəlxalq fövqəladə vəziyyət elan edilib-edilməməsi ilə bağlı məsləhət vermək üçün ekspert komitəsi çağırmağı düşündüyünü söyləyib.

Keçən sentyabr ayından bəri Konqo Demokratik Respublikasında və ona yaxın Afrika ölkələrində aşkar edilən virus ştammına yoluxma halları artıb.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus BMT-nin səhiyyə agentliyinin, Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC), yerli hökumətlərin və tərəfdaşların epidemiyaya qarşı reaksiyalarını artırdıqlarını açıqlayıb.

"Ancaq hərtərəfli təsir üçün daha çox maliyyə və dəstəyə ehtiyac var", -deyə Tedros bildirib.

"Mən “mpox” xəstəliyinin beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti elan edilib-edilməməsi ilə bağlı mənə məsləhət vermək üçün Beynəlxalq Səhiyyə Qaydalarının fövqəladə komitəsini çağırmağı düşünürəm", -direktor bildirib.

Xatırladaq ki, komitənin toplanması ÜST-nin səsləndirə biləcəyi ən yüksək həyəcan siqnalıdır. Tedros ÜST-nin baş direktoru olaraq, sahə üzrə ekspertlər komitəsinin məsləhəti ilə belə bir fövqəladə vəziyyət elan edə bilər.

"Science" jurnalına verdiyi açıqlamada bildirilirdi ki, bu virusa nəzarət daha yüksək infeksiya riski olanlara qayğı, ictimaiyyətin iştirakı, müalicə və peyvəndlərin məqsədyönlü şəkildə yerləşdirilməsi daxil olmaqla gücləndirilmiş ictimai sağlamlıq tədbirləri ilə ola bilər və olmalıdır.

Əvvəllər meymun çiçəyi kimi tanınan “mpox” xəstə heyvanlar tərəfindən insanlara ötürülən bir virusun yaratdığı və yaxın fiziki təmasda da insandan insana keçə bilən yoluxucu xəstəlikdir.

İlk dəfə insanlarda 1970-ci ildə Konqo Demokratik Respublikasında aşkar edilmişdir.

Xəstəlik qızdırma, əzələ ağrıları və iri çiban kimi dəri infeksiyalarına səbəb olur.

Virusun iki alt növü var: Mərkəzi Afrikadakı Konqo hövzəsində endemik olan daha virulent və ölümcül “Clade I” və Qərbi Afrikada endemik olan “Clade II”.

İyulun 11-də Tedros bu il həmin ölkədə 11000-dən çox yoluxmanın və 445 ölüm halının olduğunu, ən çox uşaqların təsirləndiyini söyləmişdi.

Afrika Birliyi (AB) cümə günü bildirib ki, qitədə “mpox” epidemiyası ilə mübarizədə davam edən səyləri dəstəkləmək üçün COVID-19 fondlarından 10.4 milyon dolları təcili olaraq təsdiqləyib.

AB əlavə edib ki, bu, monitorinqin, laboratoriya testlərinin, regional və milli məlumatların toplanmasının, yoluxma və infeksiyaların idarə edilməsinin və peyvəndlərə çıxışın artırılmasına kömək edəcək.

Nubar Süleymanova, “İki sahil”