04 dekabr 2017 16:43
494

Sahibkarların maliyyə mənbələrinə çıxış imkanları genişlənir

Qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarların götürdükləri kreditlərə zəmanət və subsidiya veriləcək

Görülən işlər həyata keçirilən tədbirlər nəticəsində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılıb, biznes qeydiyyatı sistemi sadələşdirilib, sahibkarlar üçün biznes mühitinin əlverişliliyi səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb. Həmçinin sahibkarlığa, o cümlədən kiçik və orta sahibkarlığa dövlət maliyyə dəstəyi mexanizmi təkmilləşdirilib, idxal-ixrac üçün həyata keçirilən prosedurlar daha da sadələşdirilib, ölkədə ixrac rüsumları ləğv edilib, mənfəət vergisinin dərəcəsi endirilib və sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılıb.

Respublikamızda sosial-iqtisadi sahələrdə əldə edilən müsbət göstəricilər zaman-zaman nüfuzlu beynəlxalq reytinq təşkilatlarının hesabatlarında da öz ifadəsini tapır. Dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi nüfuzlu təşkilatlarının hesabatlarında Azərbaycan iqtisadiyyatının dinamik inkişafı,  o cümlədən ölkəmizdə investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri müsbət qiymətləndirilir. Bir müddət əvvəl Beynəlxalq Valyuta Fondunun rəhbərliyi postneft dövründə iqtisadiyyatı yenidən qurmaq üçün Azərbaycanda aparılan islahatları bir nümunə kimi təqdim etmişdi.

Bu günlərdə sahibkarları sevindirəcək  yeni bir qərar qəbul olunub. Belə ki, qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarların götürdükləri kreditlərə zəmanət və subsidiya veriləcək. Bu kreditlərə zəmanət yeni yaradılan Kredit Zəmanət Fondu tərəfindən veriləcək. Sahibkar kredit almaq üçün əvvəlcə müvəkkil banka müraciət edəcək. Bank təhlillər apardıqdan sonra əgər müştərini müsbət qiymətləndirsə, o zaman sənədlər Kredit Zəmanət Fonduna göndəriləcək və zəmanət verilib-verilməyəcəyi haqqında qərar qəbul ediləcək. Kreditə zəmanət verilməsi üçün bir sıra şərtlər tələb edilir. Ekspertlərin sözlərinə görə, kreditlərə zəmanətin verilməsi maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşmə sistemini formalasdırmaqdır.

Qaydalara əsasən sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalar veriləcək. Başqa sözlə, faizlərin yaratdığı məbləğin bir hissəsini dövlət ödəyəcək. Kreditin faiz dərəcəsinin azı 6 faizini borcalan özü ödəməlidir. Subsidiya kreditin müddətindən asılı olaraq tətbiq ediləcək. Faiz subsidiyasi illik faiz dərəcəsi 20%-dən çox olmayan zəmanətli kreditlər üçün verilir. Təbii ki, bütün bunlar qeyri-neft sektorunda sahibkarlığın inkişafına təkan verəcək ki, bu da əhalinin məşğulluq səviyyəsini və gəlirlərinin artmasına, yeni iş yerlərinin açılmasına, rerspublikamızın ixrac potensialının güclənməsinə böyük töhfələr verəcək.

Zahid Rza, “İki sahil”