Dünyaya inqilabi kəşfləri bəxş edən insanlar haqqında fikirləşəndə onların dahi olduqlarını və gecə-gündüz fizika qanunları üzərində “baş sındırdıqlarını” hesab edirik. Lakin bu, bütün kəşflərə aid deyil. Biz sizə bir neçə səhvən olunan kəşflər haqqında məlumat təqdim edəcəyik.
Kartof cipsləri
Bu yeganə hadisədir ki, insan hikkəsi xeyrə səbəb olub. Belə ki, Nyu-York restoranlarının birinə gedən müştəri sifariş etdiyi kartof qızartmasını geri qaytararaq onun çiy və həddindən artıq qalın şəkildə doğrandığını hiddətlə bildirib.
Bu zaman Corc Kram adlı baş aşbaz əsəbiləşərək, acıqlı şəkildə kartofu bacardığı qədər nazik doğrayaraq qızardıb, üzərinə bol duz tökərək müştəriyə təqdim edib. Beləliklə, bütün zamanın ən sevimli, lakin ən zərərli qidası kəşf olunub.
“Koka-Kola”
Əczaçı Con Pemberton hərbi xidmətdə olduğu zaman yaralanıb. Hərbi hospitala yerləşdirilən əsgər şiddətli ağrılara dözə bilmədiyindən içki üzərindən eksperiment apararaq ağrı kəsici düzəltmək qərarına gəlib. Məqsədinə nail olan Con bir müddət sonra resepti daha da mükəmməl etmək üçün öz kolleqasına müraciət edib. Partnyorunun təcrübəsinə əsasən hazırlanan ağrıkəsici içkinin içərisinə şirin sirop və qazlı su qatılaraq gözlənilməz dad əldə olunub. Pemberton əldə olunan qarışımın dərman kimi deyil, sərin içki kimi satışa buraxılmasını qərara alıb.
Dalğalı printer - əgər mühəndisin köynəyi ləkələnməsəydi - bu kəşf də olmayacaqdı.
“Canon” şirkətinin mühəndisi fikir vermədən cibində qələm olan köynəyini ütüləyir. Qələmdə olan mürəkkəb dağılır və sonra quruyur. Belə bir prinsip indiyə qədər hələ də dalğalı printerlərdə istifadə olunur.
Rentgen şəkil
1895-ci ilin 8 noyabr tarixində fizika üzrə alman professor Vilqelm Rentgen yeni elektron lampalar üzərində sınaq işləri apararkən qəribə şüa işığı aşkar edir. Kəşfin dəqiq şəraiti məlum deyil. Hadisə belə olub: fizik lüminessensiya (başqa səbəblərdən əmələ gələn işıqlanma hadisəsi) örtüklü ekrandan gələn zəif yaşıl işıq sezir.
Beləliklə Vilqelm Rentgen mükəmməl kəşf etmiş olur. Alim maddənin hansısa bir görünməyən şüalara reaksiya verdiyini müəyyən edib. Nəticədə Rentgen lampa və ekran arasında müxtəlif bir material yerləşdirir və insan əlinin rentgen şəkilini çəkməyə nail olur. Rəvayətə görə, bu onun həyat yoldaşının əli olur və əlinin surətini görən qadın qorxu hissi ilə “bu mənim ölümümdür” deyə soruşub. Əslində isə ilk rentgen çəkilişi ilə laborantın əli əbədiləşıb.
Şəkər əvəzedici
Şəkər əvəzedici yuyulmayan əllərin hesabına yaranıb.
1879-cu ildə bütün günü laboratoriyada maddələr üzərində sınaqlar aparan kimyaçı Konstantin Falberq evə qayıdarkən əllərini yumadan şam etməyə başlayır. Kimyaçı hiss edir ki, onun əlinin dəydiyi hər şeydən şirin dad gəlir. Ertəsi gün o, yeni kəşf edir və onun adını “saxarin” qoyur.
Qeyd üçün kağız parçaları
1968 - ci ildə kimyaçı Spenser Silver heç bir yerdə ləkə buraxmayan çox yüngül yapışdırıcı əldə edir. Maraqlısı odur ki, kimyaçı əksinə daha möhkəm yapışdırıcı əldə etmək üçün çalışırdı! Yeni vasitədən heç kəs hansısa bir məqsəd üçün istifadə edə bilmirdi. Lakin daha bir alim ondan kiçik kağızların qırağına sürtərək qeydləri yadda saxlamaq üçün istifadə edib.
Hazırda “Post-it” stikerləri hətta müasir sənət aləti kimi də istifadə olunur. Məşhur biznes- qadın Liza Kudrou özünü bu stikerlərin yaradıcısı kimi təqdim edir, lakin onun yalanı ifşa olunur.
Könül Əliyeva, “İki sahil”