14 avqust 2024 03:16
438

Hamını təəccübləndirən uzunömürlü “meşə ağac”

Braziliyanın Rio Grande do Norte ştatının Pirangi şəhərində nəhəng anakardiya (keşyu) ağacı var. Bu ağac təkbaşına meşə yaradıb desək yanılmarıq. Rəvayətə görə, onu 1888-ci ildə yerli balıqçı əkib, sonradan 93 yaşında bu bitkinin kölgəsində vəfat edib. Ancaq dendroloqlar hesab edirlər ki, ağacın ən azı min yaşı var.

Bitkinin ölçüsü 70 adi anakardiya ağacı ilə müqayisə edilə bilər və onu tam şəkildə görmək üçün xüsusi bir baxış platforması lazımdır. Hər il 60 mindən çox meyvə hasil edir.

Ətrafı 500 metr olan bu bitki 8400 kvadratmetr ərazini əhatə edir. Görünür, onun ölçüsü genetik anomaliya ilə əlaqədardır. Buna görə budaqlar yuxarıya deyil, yan tərəfə böyüməyə başlayıb. Ağırlıq və cazibə qüvvəsi ilə budaqlar yerə doğru əyilib və torpağa toxunduqda yeni köklər əmələ gəlir və nəhəng ağacın böyüməsi davam edir.

Dünyanın ən böyük anakardiya ağacı kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Onsuz da çoxlu turist cəlb edən ağacı görmək istəyənlərin sayı bundan sonra dəfələrlə artdı. Hazırda onu hər il təxminən 300 min turist ziyarət edir.

Nubar Süleymanova, “İki sahil”