Sabirabadda baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ötən il 5 tondan çox barama istehsal edən rayon kümçüləri gələn il məhsul istehsalını daha da artırmaq üçün indidən hazırlıq işlərinə başlayıblar.
Rayon Kənd Təsərrüfatı İdarəsinin aqronomu Bəxtiyar Məmiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Sabirabadda baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Ötən il rayonun 6 kəndində hər hektara 10 min ting olmaqla, 60 min tut tingi əkilib. Bu il isə daha 8 min ting əkilməsi nəzərdə tutulub.
Aqronomun sözlərinə görə, hazırda yeni əkiləcək tinglər üçün sahələr hazırlanır, kümçülərlə müqavilələr bağlanılır. Bunlarla bərabər ipəkqurdunun bəslənilməsi üçün yeni tikililərin inşası da aparılır.
Qeyd edək ki, sabirabadlı baramaçılar gələn il məhsul istehsalını 10 tona çatdırmağı planlaşdırıblar.