Azərbaycan Avropanın gələcək enerji təminatında ən etibarlı alternativ ölkədir. Bu fikir artıq bir neçə ildir ki, Avropanın siyasi gündəmində hər kəs tərəfindən qəbul edilən reallıqdır. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin müəllifi olduğu nəhəng “Cənub Qaz Dəhlizi” layihəsi ilə bu fikirlər həyatda da real təsdiqini tapmağa başladı.
Avropanın böyük dövlətləri enerji tələbatının bir mənbədən təmin edilməsinin yaratdığı çətinlikləri anlayaraq alternativ enerji xətlərinin yaradılmasına olduqca həssas yanaşmağa başladılar. Bu baxımdan ən optimal variant kimi inkişaf etməkdə olan və müxtəlif qütblərə aid dövlətlərlə qarşılıqlı əməkdaşlığın uğurlu fomulunu tətbiq edən Azərbaycan hamı tərəfindən məqsədəuyğun hesab edilir. “Cənub Qaz Dəhlizi”nin güclü beynəlxalq dəstək qazanmasının əsas səbəblərindən biri də məhz budur.
Azərbaycanın Avropa İttifaqı (Aİ) üçün nə qədər vacib tərəfdaşa çevrildiyini noyabrın 24-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən Birgə Bəyannamədən də müşahidə etmək mümkündür. Aİ-nin üzv dövlətləri bu amili xüsusi diqqətə çatdırmaq niyyəti ilə qəbul edilən Birgə Bəyynaməyə Azərbaycanın Avropanın enerji təminatında önəmini və bu məqsədlə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsini ayrıca bəndlə vurğulamağı uyğun bildilər. Beləliklə, sözügedən Bəyannamədə Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə, ayrıca “Cənub Qaz Dəhlizi”nə xüsusi dəstək ifadə edilib və bu layihələrin Aİ üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Siyasi analitiklər hesab edirlər ki, bütün bunların ayrıca bənd kimi Bəyannamədə öz əksini tapması Azərbaycanın xarici siyasət kursunun uğuru olmaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan geosiyasi əhəmiyyəti ilə bağlıdır. Avropa ölkələri regionun ən güclü dövləti və gələcəkdə hərtərəfli, etibarlı əməkdaşlıq imkanları vəd edən bir ölkə ilə strateji tərəfdaşlığa xüsusi həssaslıqla yanaşırlar. Həm də bu ölkə bölgənin digər bəzi dövlətlərindən fərqli olaraq, özünün müstəqil siyasi iradəsilə seçilir.
Qeyd edilənlər Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi”nin beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirir.
Avropa İttifaqının Türkiyə və Türkmənistan üzrə nümayəndəliyinin rəhbəri, səfir Kristian Berqer bununla bağlı mətbuata verdiyi müsahibələrinin birində qeyd edib ki, Aİ 2050-ci ilədək yeni, karbohidrogenlərdən maksimum az istifadə olunan iqtisadiyyat qurmağı planlaşdırır. Buna görə də təbii qaza olan tələbat gələcəkdə daha da artacaq: “Belə ki, təbii qaz ətraf mühitə daha az zərər vuran və təhlükəsiz karbohidrogendir. Beləliklə, yeni iqtisadiyyata keçid başa çatanadək təbii qazdan istifadə ya ən azından əvvəlki səviyyədə qalacaq, ya da artacaq. Başqa sözlə, Aİ-nin daha çox həcmdə qaza ehtiyacı olacaq. Bu tələbatın böyük bir qismi “Cənub Qaz Dəhlizi” layihəsi hesabına ödəniləcək. Dinamik iqtisadiyyatı, vacib regional mövqeyi və Aİ-nin xarici siyasətinə və enerji təhlükəsizliyinə qatqıları hesabına Türkiyə də İttifaqın vacib tərəfdaşıdır. Türkiyə Aİ-nin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək “Cənub Qaz Dəhlizi”nin inkişafına da ciddi dəstək verir. Buna görə, Türkiyə və Aİ “Cənub Qaz Dəhlizi”nin inkişafı üçün əməkdaşlığı davam etdirməlidirlər”.
Mütəxəssislər hesab edirlər ki, Türkmənistanın da “Cənub Qaz Dəhlizi”nə qoşulması onun əhəmiyyətini xeyli artırır. 2020-ci ildən başlayaraq Türkmənistan qazı Azərbaycan üzərindən Avropa ölkələrinə çıxarılacaq.
Onu da vurğulayaq ki, müxtəlif əks kampaniyalara baxmayaraq “Cənub Qaz Dəhlizi” uğurla həyata keçirilir və artıq layihəyə beynəlxalq maliyyə dəstəyi də göstərilir. Avropa Yenidənqurma və İnkişaf Bankının bu məqsədlə 500 milyon dollar kredit ayırması bu dəstəyin ən bariz nümunəsidir.
Taleh Turqut, “İki sahil”