Bəri başdan deyim ki, bir çox xalqların sevgi və bərəkət rəmz adlandırdığı şaftalının əzəl Vətəni Çin sayılır. Belə ki, ölkənin şimal bölgələrində miladdan əvvəl 3 mininci illərdən etibarən insanların ən çox sevdiyi meyvə olub. Qədim yunan və Roman mədəniyyətində isə bu ləziz meyvənin latınca adı “İran alması” mənasını verir. O da bildirilir ki, Makedoniyalı İsgəndərin sayəsində Yunanıstandan keçərək Ağdəniz hövzəsinə, oradan da qonşu dövlətimiz olan İrana gəlib çıxıb.
İkinci tərəfdən Hindistan əfsanələrində də şaftalının adına çox rast gəlinir. Qədim ölkənin mifiologiyada uzun ömür və ölümsüzlük simvolu kimi ər-arvada iki şaftalı hədiyyə etmək onlara Tanrının verdiyi ömür payını sonuna qədər birgə yaşamağı arzulamaq mənasını verir.
Bizdə də şaftalı yay fəslinin ən çox sevilən meyvəsidir. Ağzımıza dad qatmaqla həyatımıza sağlam gətirir, həmçinin bir sıra xəstəlikərdən həkimə getmədən bizi qoruyur. Daha dəqiq desək, insan orqanizminin ümumi müqavimətini artırır, ürək ritmini qaydaya salır, qanı təmizləyir, həzmi yaxşılaşdırır, bağırsaqları yumşaldır, ağız qoxusunu aparır.
Həmçinin şaftalı toxumunda olan yağdan qidalanmaq, qulaq ağılarında istifadə etmək çox faydalıdır. Quru və yorğun dəriyə cavanlıq vermək üçün meyvənin qabığını soyub əzdikdən sonra üzə çəkirlər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü