30 noyabr 2017 23:01
751

Kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atılır

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər planı çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunmasının bu baxımdan böyük önəm kəsb etdiyini qeyd edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, proqramın əsas məqsədi ölkədə baramaçılıq, ipəkçilik və digər kənd təsərrüfatı məhsullarının artırılmasının prioritet sahə kimi ön planda saxlamasıdır: “Bunlarla bağlı müəyyən məqsəd və vəzifələr nəzərdə tutulub. Dövlət Proqramında baramaçılıq və ipəkçilik sənayesinə investisiyaların cəlb olunmasının təşviqi, barama istehsalı ilə məşğul olan təsərrüfat subyektlərindən səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması, baramaçılıq və ipəkçiliyin inkişafı üçün əlverişli ərazilərdə məhsulların dərinləşdirilməsi, mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaq, tut ağacları məhsuldarlığının artırılması, barama toxumçuluğunun inkişafı, baramaçılığın və ipəkçiliyin emal potensialının gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi bir çox tədbirlər nəzərdə tutulur”.

Ölkəmiz üçün bu proqramın vacibliyini vurğuluyan Eldar İbrahimov həmçinin onu da nəzərə çatdırdı ki, Dövlət Proqramının qəbul olunması bu sahənin inkişafına böyük təkan verəcək: “Sovet ittifaqı dövründə biz 5,5 milyon ton barama istehsal edə bilmişik. Sonra bu məhsul demək olar ki, yox oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin baramaçılığın uzun fasilədən sonra bərpa olunması istiqamətində həyata keçirdiyi kompleks tədbirlər regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifah hallarının yüksəldilməsinə xidmət edir, həmçinin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir. Baramaçılığın inkişafı kənd əhalisinin sosial-rifahının yüksəldilməsinə, məşğulluğunun artırılmasına xidmət etməsi ilə bərabər valyuta tutumlu sahə olması da bu sektorun problemlərini diqqət mərkəzində saxlamağa şərait yaradır. Bu sahəyə maraq ildən-ilə daha da artır. Azərbaycanda barama istehsalının həcminin 2025-ci ilədək 6 min tona çatdırılması nəzərdə tutulur”.

Mənsumə Babayeva, “İki sahil”