Müsahibimiz Milli Məclisin deputatı, YAP Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynovdur
- Aydın müəllim, dövlət büdcəsi hər bir vətəndaşı maraqlandıran mövzudur. Gələn ilin büdcəsinin formalaşması zamanı hansı məqamlar göz önündə saxlanıldı, büdcənin sosial yönümlülüyü nə dərəcədədir?
-Həqiqətən də dövlət büdcəsi hər bir Azərbaycan vətəndaşı, hər bir ailə üçün olduqca önəmlidir. Ümumiyyətlə, dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan xalqının sosial rifah halının yüksəldilməsi, vətəndaşların maraqlarının müdafiə olunmasıdır. Bütün bu proseslər də büdcədə özünü göstərir. Ümumiyyətlə, büdcə elə bir makroiqtisadi göstəricidir ki, gedən bütün iqtisadi proseslər büdcədə özünü əks etdirir. Bəli, bu yaxınlarda gələn ilin büdcəsinin müzakirəsi aparıldı və Milli Məclisin dekabrın 1-də keçiriləcək plenar iclasında büdcə layihəsi artıq təsdiq ediləcək. Gələn ilin büdcəsi bu ilkinə nisbətən daha zəngindir. Gəlirlərdə 20, xərclərdə isə 16,5 faiz artımın şahidi olduq. İqtisadi artım müqayisəli şəkildə təqdim olunanda özünü daha qabarıq şəkildə göstərir. Belə ki, region və qonşu ölkələri ilə müqayisədə də Azərbaycan iqtisadiyyatı daha dayanıqlıdır. Nə qonşu, nə də region dövlətlərinin heç birində bu qədər artım yoxdur. Ən çox artım Qazaxıstan və Rusiyadadır ki, o da 5-6 faizdir. Bu faktorları ortaya qoyanda görürük ki, Azərbaycanın büdcəsi olduqca praqmatikdir. Hər il olduğu kimi, bu il də büdcəmizin çox hissəsi, yəni 36 faizini sosial xərclər təşkil edir. Gələn ilin büdcəsinin ən xarakterik cəhətlərindən biri də büdcədə investisiya xərclərinin keçən illə müqayisədə önəmli şəkildə artmasıdır. İnvestisiya xərclərinin 2 milyard 300 milyon olacağı proqnozlaşdırılır. Əgər hər şeyə makroiqtisadiyyatımız tərəfdən baxsaq, görərik ki, ümumdaxili məhsulumuzda azalma riskləri yoxdur. İqtisadiyyata qoyulan xərclə ümumdaxili məhsulumuz artacaq. İnvestisiya xərclərinin artırılması iqtisadiyyatda canlanma, yeni iş yerlərinin açılması, artım deməkdir. Bu qədər vəsait banklarımızda dövr edəcək ki, bununla da dinamiklik artacaq.
- Digər xərclərimizdə vəziyyət nə yerdədir?
-Digər xərclərdə də önəmli artımlar var. Təkcə təhsil xərcində 210 milyon artım proqnozlaşdırılır. Doğrudan da, bu olduqca önəmli artımdır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bir istiqaməti də təbii resursların insan kapitalına çevrilməsidir. Doğrudan da elmə qoyulan xərc insan kapitalına, təhsilə qoyulan kapitaldır. Dövlət büdcəsinə Vergilər Nazirliyi xətti ilə daxil olacaq gəlirlərin 205 milyonunu qeyri-neft sektorunun payına düşür. İqtisadi strategiyanın başlıca məqsədi ölkə iqtisadiyyatının neftdən aslılığının minumuma endirilməsidir. Hər il ümumdaxili məhsulun tərkibində qeyri-neft sektorunun payı getdikcə çoxalır. Danışanda bu rəqəmlər bizə olduqca sadə görünür. Ancaq hər bir rəqəmin arxasında idarə, müəssisənin fəaliyyəti, orada işləyənlərin maaşlarının verilməsi, əmək haqlarının qaldırılması, ona uyğun olaraq gəlir vergilərinin artırılması və s. kimi çox önəmli məsələlər var.
- Aydın müəllim, dünyada qlobal böhran hələ bitməyib. Böhran şəraitində ölkə iqtisadiyyatının inkişaf mexanizminin sürətini nədə görürsünüz?
-Bəli, böhran hələ də davam edir və ilk növbədə gəlin baxaq ki, iqtisadiyyatımız böhran illərində hansı xarici şokları yaşadı. Neftin qiyməti birdən-birə üç dəfə azaldı. Bu, heç də iqtisadi qanunauyğunsuzluqların təzahürü deyildi. Təbii ki, buna hər hansı siyasi amillər - Yaxın Şərqdə baş verən proseslər və s. təsir etdi. Azərbaycan manatı da neftin qiymətinə adekvat olaraq aşağı düşdü. Bununla belə nə 2016-cı və 2017-ci illərdə dövlət büdcəsində heç bir sosial islahatlarla bağlı maliyyələşmə prosesində gərginlik yaranmadı. Yəni bütün bu gərginliklilərə baxmayaraq, ölkə iqtisadiyyatı nəzərdə tutulduğu şəkildə inkişaf etdirildi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin müxtəlif sahələrini əhatə edən strateji yol xəritələri hazırlandı. Önəmli struktur islahatları həyata keçirildi. Vergi və gömrük qanunvericiliyində mühüm dəyişikliklər edildi. Bilirsiniz, iqtisadiyyatın laborotoriyası yoxdur ki, nəyisə təcrübədən keçirəsən, sonra deyəsən ki, olmadı, bunu bir də təzədən başlamaq lazımdır. İqtisadiyyatda o qədər dəqiq addımlar atılmalı, bütün risklər nəzərə alınmalıdır ki... Dünyanın əksər ölkələri ilə iqtisadi əlaqlərimiz var. Əlaqədə olduğumuz dövlətlərin iqtisadiyyatı da bizə təsir edir. Bütün bu riskləri nəzərə almaq güclü iradə və qətiyyət tələb edirdi. Bütün islahatların nəticəsi olaraq 2017-ci ilin büdcəsində nə gəlirdə, nə də xərclərdə heç bir problemimiz olmadı.
- Ölkə iqtisadiyyatına valyuta gətirən iqtisadi layihələrin önəmini necə şərh edərsiniz?
- Məlumdur ki, strateji valyuta ehtiyatlarımız 4 milyarda yaxın artıb. Xarici ticarət dövriyyəsində də müsbət saldoda qərarlaşdıq. Eləcə də qeyri-neft sektoru sahəsində uğurlu nəticələrimiz var. Ötən ildə kənd təsərrüfatı məhsulları 1 milyarddan çox ixrac olunub. Digər sənaye məhsullarımızın ixrac yönümlülüyü artıb. İqtisadiyyatımızın inkişaf etdirilməsi baxımından ən önəmli tələblərdən biri ixracyönümlü, rəqabətədavamlı məhsulların istehsal olunması idi. Daxil olan valyutalar məhz ixrac qabiliyyətimizin göstəricisidir. Ölkənin bir çox regionlarında sənaye parkları fəaliyyət göstərir. Getdikcə belə parklarn sayı artırılacaq. Orada istehsal prosesində ancaq yerli xammaldan istifadə olunur. Məqsəd daxili bazarla yanaşı, ixaraca layiq məhsulların hazlırlanmasıdır.
İqtisadiyyatımızın inkişafına böyük töhfələr verəcək olan Bakı-Tiblisi-Qars layihəsi ölkə Prezidenti cənab İlham Əliyevin ilk növbədə qətiyyəti sayəsində başa gələn, təkcə Azərbaycan region dövlətləri üçün yox, eyni zamanda Avropa, Asiya üçün də olduqca mühüm logistik mərkəzə çevriləcək bir layihədir. Azərbaycan dünyada strateji tərəfdaş kimi tanınmaq yönündə addımlarını getdikcə daha da qətiləşdirir. Bütün bu kimi layihələr onu göstərir ki, ölkədə həyata keçirilən siyasət balanslaşdırılıb, elmə, məntiqə söykənir.
Şəfiqə Dadaşova, “İki sahil”