Noyabrın 30-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və "Sahibkar Qadınlar" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gəncədə sahibkarlıq fəaliyyətinə yeni başlayan qadınlar üçün treninq keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə kiçik və orta sahibkarlıq subyektləri üçün araşdırma və inkişaf imkanlarının genişləndirilməsi məqsədilə keçirilən treninq kurortların inkişaf perspektivləri, korporativ idarəetmə mövzularını əhatə edib.
Treninqdə "Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı", kurort işçilərinin peşə səviyyəsinin artırılması, kurort infrastrukturunun inkişaf etdirilməsi, korporativ idarəetmənin mahiyyəti və sair barədə məlumat verilib. Bununla yanaşı, iştirakçılar biznes-inkubatorların sahibkarlığın inkişafında rolu, biznes-inkubator iştirakçıları üçün tətbiq olunan güzəştlər və sair barədə məlumatlandırılıb.
Həmçinin treninqdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib.