04 sentyabr 2024 18:40
509

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı keçirilib - VİDEO

Sentyabrın 4-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında tanınmış ictimai-siyasi xadim, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Zəfər tariximizin  fatehləri” adlı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Vətən Müharibəsi iştirakçıları, müxtəlif kateqoriyadan olan veteranlar, dövlət orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin və DİN-nin Daxili Qoşunlarının kursant və zabitləri də  iştirak edib.

“İki sahil” xəbər verir ki,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov “Zəfər tariximizin  fatehləri” kitabının ictimai-siyasi, eləcə də tarixi önəmindən bəhs edib. Polkovnik qeyd edib ki, kitabda Azərbaycan xalqının zəfər tarixi dolğun şəkildə öz əksini tapıb ki, bu da qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, “Zəfər tariximizin fatehləri” kitabının müəllifi, yazıçı-publisist Zərifə xanım Quliyeva tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verib. Kitabda Prezident İlham Əliyevin zəfər tariximizin memarı kimi rolundan ətraflı bəhs etdiyini bildirən Zərifə xanm, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətlərinə diqqət çəkb, onun Müqzəffər Ali Baş Komandana dəstəyini yüksək qiymətləndirib.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli, fizika elmləri doktoru, professor, YAP Veteranlar Şurasının üzvü Adilə xanım Abbasova, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə xanım Muradova da çıxış edərək kitab haqqında fikir və təəssüratlarını bölüşüblər.

Tədbirdə Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü, "Miras" qrupunun yaradıcısı və kreativ direktoru Nigar Helmi Abbasbəyli də iştirak edib.

Tədbirin sonunda xatirə şəkli çəkilib.