2018-ci ilin dövlət büdcəsi qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsinə əsaslı şərait yaradacaq
Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir. Azərbaycanın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır. Ölkəmizdə inkişafın strateji məqsədlərinin reallaşması istiqamətində əsas və mühüm rollardan birini dövlət büdcəsi oynayır. Bu baxımdan bir faktı xüsusilə qeyd etməliyik ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi kurs nəticəsində Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri müstəqilliyimizin ilk illərinə nisbətən müqayisəyə gəlməyəcək dərəcədə artıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi siyasət ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasını, milli valyutanın məzənnəsinin sabitləşdirilməsini təmin edir. Son illər ölkə iqtisadiyyatında baş verən önəmli hadisələrdən biri büdcə gəlirlərində qeyri-neft sektorunun payının təqribən 50 faizə çatması olub. Qeyri-neft sektorunun əsas istiqamətlərindən kənd təsərrüfatının, aqrar sahənin, sənayenin və əsasən regionların inkişafı sahəsində görülən işlər də öz bəhrəsini verir. Bütün bunlar və dövlətin həyata keçirdiyi digər iqtisadi tədbirlər büdcə gəlirlərinin artıq neft gəlirləri hesabına deyil, büdcə-vergi siyasəti üzrə reallaşmasını və qeyri-neft gəlirlərinin ÜDM-də və büdcə gəlirlərində xüsusi çəkisinin artımına yönəldiyini göstərir.
Bir müddət əvvəl Milli Məclisin komitələrində noyabrın 21-dən isə plenar iclaslarda 2018-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər məsələlər geniş müzakirə edilir. Ümumi fikir ondan ibarət oldu ki, gələn il üçün büdcə layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2018-ci il üçün dövlət büdcəsi layihəsi ölkəmizin sosial-iqtisadi durumu və müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib olunub. Təqdim edilmiş büdcə zərfinin sənədləri göstərir ki, növbəti il üçün də real iqtisadi artım proqnozlaşdırılır. Bütün bunlar iqtisadiyyata investisiya qoyuluşunun daha da artırılmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, növbəti il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək.
2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclər prioritet olaraq qalır. Xərclərin mənbələri gəldikdə isə ümumi dövlət xidmətlərinə 3 milyard 620,257 milyon manat, müdafiə xərclərinə 2 milyard 738,722 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına 1 milyard 329,535 milyon manat, təhsil sahəsinə 2 milyard 1,498 milyon manat, səhiyyə sahəsinə 740,661 milyon manat, sosial müdafiə və sosial təminat 2 milyard 197,182 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə 304,289 milyon manat, mənzil və kommunal təsərrüfatı 457,399 milyon manat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsinə 656,260 milyon manat, sənaye, tikinti və faydalı qazıntılar sahəsinə 4 milyard 944,376 milyon manat, nəqliyyat və rabitə sahəsinə 166,791 milyon manat, iqtisadi fəaliyyətə 245,511 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlərə 1 milyard 495,203 milyon manat yönəldiləcək.
Rəqəmlərdən də aydın görünür ki, dövlət büdcəsi xərclərinin tərtibi zamanı ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən kənd təsərrüfatının stimullaşdırılması, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrinin, ölkədə məşğulluğun səviyyəsinin yüksəldilməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi diqqətdə saxlanılıb.
Onu da qeyd etmək yerinə düşər ki, 2018-ci ilin dövlət büdcəsinin xərcləri 2017-ci illə müqayisədə 2 milyard 964,7 milyon manat və ya 16,5 faiz, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3154,4 milyon manat və ya 17,8 faiz çoxdur. Gələn il üçün dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 30,1 faiz təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 3,8 faiz çoxdur.
Rəqəmlərdən göründüyü kimi, dövlət büdcəsi gələn il ölkəmizin iqtisadi gücünün artması, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi istiqamətində qarşıda duran vəzifələrin həyata keçirilməsinə tam təminat yaradacaq.
Orxan Vahidoğlu, “İki sahil”