Hər il yanvarın sonuncu bazar günü Ümumdünya Cüzam Xəstələrinə Yardım Günü kimi qeyd edilir. Həmin gün bütün həyatını bu qorxunc xəstəliklə mübarizəyə həsr etmiş fransız yazıçısı və jurnalisti Raul Folleronun uzun illər göstərdiyi səylər nəticəsində 1953-cü ildə təsis edilib. Bu günün qeyd olunmasında məqsəd problemə yalnız tibb işçilərinin deyil, həm də geniş ictimaiyyətin, inzibati idarəetmə oqanlarının, ictimai təşkilatların, işgüzar dairələrin, xeyriyyəçiliklə məşğul olan fondların, dini icmaların və ayrı-ayrı şəxslərin diqqətini cəlb etməkdir.
AZƏRTAC xəbər verir ki, cüzam xəstəliyini ilk dəfə 1873-cü ildə norveçli həkim Herhard Hanzen aşkar edib. Onu bəzən lepra və ya prokaza, yaxud Hanzen xəstəliyi də adlandırırlar. Xəstəlik nəticəsində ən çox dəri, yuxarı tənəffüs yolları və periferik sinirlər zədələnir. Həmin toxumalarda xarakterik iltihab ocaqları - qranulomalar əmələ gəlir və onlara leproma deyilir.
Cüzam bəşəriyyətə məlum olan ən qədim xəstəliklərdən biridir. Onun haqqında bizim eradan əvvəl XV-X əsrlərə aid olan qədim yazlı abidələrdə rast gəlinir. Tibb elminin müasir uğurları sayəsində dünyada14 milyon nəfər qorxunc xəstəlikdən xilas olub. Cəsarətlə söyləmək olar ki, dünyanın təxminən 100-ə yaxın ölkəsində cüzam xəstəliyi tamamilə yox dərəcəsindədir. Lakin Hindistan, İndoneziya, Banqladeş, Braziliya və Mərkəzi Afrikanın bəzi ölkələrində bu xəstəlik ciddi problem olaraq qalır.
Ölkəmizdə cüzam xəstələrinin sayı çox azdır və son illər ona rast gəlinmir. Həmin xəstəliyə mübtəla olanlar Bakının Umbakı qəsəbəsi ərazisində yerləşən Respublika Cüzam Xəstəxanasında dövlət vəsaiti hesabına müalicə olunurlar.