Oktyabrın 15-dən başlayaraq paytaxtımızda ikinci Bakı Şopinq Festivalı keçirilir. Dünyanın bir çox ölkələrinin ticarət təmsilçiləri, məhsul istehsalçıları və sahibkarlar bu maraqlı əyləncəli tədbirdə fəal iştirak edir və öz mallarını nümayiş etdirirlər. Təbii ki, ölkəmiz də Festivalda öz məhsulları ilə çıxış edir. Festival noyabrın 25-nə qədər davam edəcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində ticarət festivalı (“shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Həmin Sərəncamla Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, ticarət festivalının təşkili məqsədilə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə bir milyon manat ayrılıb.
Xatırlayaq ki, birinci ticarət festivalı bu ilin aprel-may ayları ərzində keçirilib. Birinci festival uğurla yekunlaşıb. İlk festival haqqında beynəlxalq media və diplomatik dairələrin təmsilçiləri öz fikirlərini bölüşmüşdülər.İlk festival haqqında ümumilikdə 54 ölkədə televiziya kanalları, radio, onlayn media, sosial şəbəkələr və internet televiziyası vasitəsilə məlumatlar yayılıb. Xüsusi olaraq sosial şəbəkələrdə festival barədə informasiyaları milyonlarla insan izləyib. Bunlardan daha çoxu Rusiya, Səudiyyə Ərəbistanı, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərdə qeydə alınıb. Vurğulamaq lazımdır ki, birinci Şopinq Festivalından fərqli olaraq ikinci ticarət bayramının sədası daha çox yayılmağa başlayıb.
Azərbaycanda keçirilən Şopinq Festivalı haqda xəbərlər oxucuya və dinləyiciyə operativliklə çatdırılır. Bəzi olkələrin mediasında isə Bakı Şopinq Festivalına ayrıca yer ayrıldığı barədə məlumat verilir. Demək olar ki, hər gün xarici ölkələrin mediasında Bakıda keçirilən ticarət bayramı haqqında məlumatlar yayımlanır. Fərəhli haldır ki, xarici ölkələrin ən azı 70-ə yaxın kütləvi informasiya vasitəsində adıçəkilən məsələyə xüsusi yer ayırılıb. Ərəb, rus, türk, İsrail, Hindistan, Pakistan, Böyük Britaniya və digər ölkələrin mediasında Azərbaycanda keçirilən Şopinq Festivalı ilə bağlı məqalələr dərc olunur. Festivalın fəaliyyətinin təqdir olunması haqqında materiallar yayımlanır. Bütün bunlar ən yaxşı və geniş həcmli reklamdır və ölkəmizə maraq oyadır, yeni səyahətçilərin Azərbaycana səfər etməsinə stimul yaradır.
Şopinq Festivalının keçirilməsi ilə məşğul olan Mədəniyyət və Turizm Nazirliyi və nazirliyin nəzdində olan Azərbaycan Konqreslər Bürosu kifayət qədər yaxşı fəaliyyət göstərir. Şopinq Festivalının təbliğatının yüksək səviyyədə aparılması onların öz işlərini peşəkar səviyyədə icra etməsi ilə bağlıdır. Bütün bunların nəticəsində turizm həvəskarlarının sayı nəzərəçarpacaq dərəcədə artacaq. Bu isə ölkəmizə vəsait axını, külli miqdarda gəlir, əhalimizin rifahının daha da yaxşılaşdırılması deməkdir.
Vəli İlyasov, “İki sahil”