Son on illikdə Kür çayında və ən əsası Xəzər dənizində su səviyyəsinin kəskin şəkildə aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan 800 meqavatlıq “Şimal”, üçüncü böyük stansiyası olan 780 meqavatlıq “Cənub” və dördüncü böyük elektrik stansiyası olan 525 meqavatlıq “Sumqayıt” elektrik stansiyalarının fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşdirmişdi. Nəzərə alınsa ki, ölkənin orta hesabla enerji tələbatı 3500 meqavatdır və hər üç elektrik stansiyasının birgə real imkan gücü 2000 meqavatdan artıqdır, o zaman ölkə üzrə 60 faiz enerji istehsalı dayanmaq təhlükəsi ilə üz-üzə qala bilərdi. Məhz buna görə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2019-cu ildə “AzərEnerji” tərəfindən təxirəsalınmaz şəkildə iri miqyaslı layihələrə start verildi.
“İki sahil” xəbər verir ki, soyutma suyunu daha dərin və soyuq hissədən götürmək üçün “Sumqayıt” Elektrik Stansiyasında 750 metr, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasında isə 540 metr uzunluğunda estakada və nasos stansiyaları tikildi. 2021-ci ildə Sumqayıt, 2023-cü ildə isə Şimal estakada və nasos stansiyaları istismara verildi.
Qeyd edək ki, 2020-ci ildə estakadaların tikintisinə başlanılan vaxtdan bu günə kimi dənizdə su səviyyəsinin düşməsi daha da sürətlənib və 30-40 sm azalma var.
Xəzər dənizi ilə bərabər Kür çayında da su səviyyəsinin düşməsi nəticəsində ölkənin üçüncü böyük elektrk stansiyası olan “Cənub” Elektrik Stansiyasını soyutma suyu ilə təmin etmək üçün su aşıran qurğu tikilib və nəticədə bu stansiya da dayanmaq təhlükəsindən xilas edilib.
Hazırda “AzərEnerji” sözügedən “Şimal”, “Cənub” və “Sumqayıt” elektrik stansiyalarının işini “yaşıl” enerji konsepsiyasına uyğunlaşdırır. Belə ki, ölkədə yeni tikilən və tikiləcək bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası və tezliyin tənzimatını təşkil etməklə bu üç elektrik stansiyasında yeni rəqəmsal tətbiqlərin icrasına başlanılıb.