Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda sentyabrın 10-da "Sonsuz qardaşlıq - III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin təntənəli açılış mərasimi keçirilib.
Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən təlimə İordaniya və Qırğızıstan müşahidəçi qismində dəvət olunub:
"Təlimlərin keçirilməsində məqsəd idarəetmə orqanlarının və bölmələrin fəaliyyətində operativ uzlaşmanın təmin olunması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, qarşılıqlı təcrübə mübadiləsi və peşə vərdişlərinin təkmilləşdirilməsidir. Plana uyğun olaraq xüsusi təyinatlı bölmələrlə taktika, atəş, dağ-paraşüt, snayper hazırlığı üzrə məşqlər keçiriləcək."
Məlumata görə, təlimin yekununda xüsusi təyinatlı bölmələr yaşayış məntəqəsində qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim-döyüş əməliyyatı tapşırıqlarını yerinə yetirəcəklər. Bildirilib ki, zirehli texnika, ordu aviasiyası və PUA-ların cəlb edildiyi “Sonsuz qardaşlıq- III” çoxmillətli birgə təlimində 6 ölkənin 300-dək xüsusi təyinatlı hərbi qulluqçusu iştirak edir.