Cari ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artaraq 7968,2 milyon manat olub.
“İki sahil” xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5988,7 milyon manatlıq xidmət göstərilib.
Bu, xidmətlərin ümumi dəyərinin 75,2 faizini təşkil edib. Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 781,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 75,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Bu ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6 faiz artaraq 1456,8 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 faizi hüquqi şəxslərin, 48,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 10,2 faiz artaraq 739,0 milyon manat təşkil edib.