14 sentyabr 2024 13:26
344

Baş nazirin müavini Şahin Mustafayev Beynəlxalq Olimpiya Komitəsinin üzvü ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev sentyabrın 14-də Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Dünya Badminton Federasiyasının vitse-prezidenti, Tailand Badminton Assosiasiyasının prezidenti Hunyinq Patama Lisvadtrakul ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən “İki sahil”ə bildiriblər ki, görüşdə Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə söhbət açılıb.

İdmançıların dövlətimizin başçısının yüksək diqqət və qayğısı ilə əhatə olunduğu, ölkədə müasir idman infrastrukturunun yaradıldığı bildirilərək, bütün bunların idmançılarımızın beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etmələrində müstəsna rol oynadığı diqqətə çatdırılıb.

Dünyada aparıcı idman ölkələrindən biri kimi tanınan Azərbaycanın müxtəlif idman növlərini əhatə edən nüfuzlu beynəlxalq yarışlara və irimiqyaslı tədbirlərə nümunəvi şəkildə ev sahibliyi etdiyi bildirilib. Bakıda növbəti dəfə keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin yüksək səviyyədə təşkil edilməsində ölkəmizin uğurlu təcrübəsi təqdir olunub.

Azərbaycan Badminton Federasiyası və Dünya Badminton Federasiyası arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Eyni zamanda, Azərbaycan Badminton Federasiyası ilə Tailand Badminton Assosiasiyası arasında əlaqələrin qurulması imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.